Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başlayıb

Xəbərlər

25.10.2021 - 14:56

Toplanış "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən keçirilir

Azərbaycanda bu gündən etibarən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışı başlayıb. AYNA-nın xəbərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, toplanış "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən keçirilir.

Qanunda hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılmaları nəzərdə tutulur.

"Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Müəllif: Ayna.az