Azərbaycanda daha bir kəndin adı dəyişdirildi

Xəbərlər

15.12.2020 - 12:09

Şamaxının Saqiyan kəndinin adı Günəşli oldu

 

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. AYNA-nın xəbərinə görə, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

 

Komitə sədri deyib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq, inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır: "Toponimiya komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir".

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qeyd edək ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müəllif: Ayna.az