Azərbaycanda bir ildə 37 qadın qətlə yetirilib - <font color=red> HESABAT</font>

Cəmiyyət

30.12.2020 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Milli Məclisdə hesabat verib

 

Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” hesabatı dinlənilib. Məlumat 2019-cu ili əhatə edir.

 

AYNA-nın xəbərinə görə, B.Muradova bildirib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı fəaliyyət planı və Azərbaycanda qadınların sülh və təhlükəsizliklə bağlı proseslərdə iştirakına dair fəaliyyət planı hazırdır. Onun sözlərinə görə, sənəd artıq Nazirlər Kabinetinə təqdim edilib və yaxın günlərdə qəbul edilməsi gözlənilir.

 

Komitə sədri vurğulayıb ki, “Bərabərlik haqqında” Qanunun icrasının təkmilləşdirilməsinə ehtiyac var: “Eyni zamanda, qadın sahibkarların stimullaşdırılması üçün qanunvericilikdə dəyişikliyə, “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbuluna ehtiyac var. Bu sahədə olan bir çox qanunvericilik aktlarının, qanunların işləmə mexanizmində boşluqlar var ki, onlar aradan qaldırılmalıdır”.

 

“Demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 105-107 təşkil edir. Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb”, - deyə Muradova əlavə edib.

 

Komitə sədri vurğulayıb ki, 2019-cu ilin statistikasına əsasən, Azərbaycanda səhiyyə və sosial xidmətlərin göstərilməsində qadınların sayı kişilərdən 54,8 faiz, təhsildə 47,6 faiz və istirahət, əyləncə və incəsənət fəaliyyətdə isə 23,3 faiz çoxdur: “Məşğul qadınların 82 faizi iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1 faizi kənd təsərrüfatında, 18,2 faizi ticarət sektorunda, 11,7 faizi təhsildə, 6,1 faizi səhiyyə və sosial xidmətlərdə, 3,5 faizi isə emal sənayesində işləyir. 2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər olub. Qanunverici orqanın sədri qadın seçilib. Nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb. Məhkəmələrdə hakim qadınların sayı isə 78 nəfər olmaqla 14 faiz təşkil edir”.

 

Məişət zorakılğı haqqında danışan B.Muradova vurğulayıb ki, 2019-cu ildə məişət zorakılığı İLƏ 1308 cinayət törədilib, qadınlara qarşı 37 qətl hadisəsi olub.

 

B. Muradova sonra qeyd edib ki, qız uşaqlarının erkən evliliyə məcbur edilməsi də cinsi ayrıseçkiliyin nəticəsidir. Komitə sədri vurğulayıb ki, Azərbaycan gəncliyi qayğı ilə əhatə olunub və Azərbaycanda bu sahədə ciddi nailiyyətlər əldə edilib.

 

“Həyata keçirilən tədbirlər erkən evliliyin qarşısının alınmasına təsir edib. 15-17 yaşl qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 idisə 2019-cu ildə bu rəqəm 2320 olub və erkən evliliyin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. 2019-cu ildə erkən nikaha məcburetmə ilə bağlı cinayət işi açılmayıb”, - deyə komitə sədri bildirib.

 

B.Muradova əlavə edib ki, qız uşaqlarının oğurlanmasına görə 2019-cu ildə 9 cinayət işi qaldırılıb: “Bununla yanaşı, hesab edirəm ki, qız uşaqları ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var”.

 

B.Muradovanın məruzəsindən sonra deputatlar hesabatı müzakirə ediblər. Müzakirələrdən sonra komitə sədrinin hesabatı qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş