Azərbaycan XİN Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı açıqlama yayıb

Siyasət

09.11.2020 - 22:11

Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

 

AYNA xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir:

 

-helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib.

 

-uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

 

-bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

 

Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

 

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.

 

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.

 

Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir.

Müəllif: Ayna.az