“Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri Rusiya üçün qorxunc siqnaldır” - TROFİMÇUK

Xəbərlər

14.09.2021 - 23:25

Rusiyalı analitik: “Bu cür qüvvələr balansı ilə heç kim İrəvana zəmanət verə bilməz”

 

Cənubi Qafqaz regionunda vəziyyət gərginləşməkdədir. Azərbaycan və Türkiyənin tez-tez keçirdiyi hərbi təlimlər Rusiya və İranda gərginlik yaradır. Digər tərəfdən, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə hər şeyin qaydasında getmədiyini görürük.

Tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk AYNA-ya müsahibəsində Azərbaycan və Türkiyənin hərbi təlimlərindən, eləcə də Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın Moskva səfərindən danışıb.

- Azərbaycan, TürkiyəPakistan birgə hərbi təlimlər keçirir. Buna cavab olaraq Rusiya və Ermənistan da hərbi təlimlər keçirir. Son vaxtlar bölgədə çox sayda hərbi təlim keçilir. Sizcə, bölgə nə qədər partlayış təhlükəsi qarşısındadır və yeni müharibə ehtimalı var?

- Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimləri Rusiya üçün çox qorxunc bir siqnaldır, təbii ki, Moskva bu hadisəyə xüsusi, ictimai əhəmiyyət verməməyə çalışır. Və burada hərbi təlimlərin özlərindən danışmırıq, onların texniki miqyası o qədər də böyük deyil. Hər şeydən əvvəl, bu, hamıya Cənubi Qafqazda strateji vəziyyətin sürətlə dəyişdiyini və bir çox cəhətdən artıq fərqli olduğunu söyləyən bir simvolun nümayişidir: vəziyyət hər gün keçdikcə Rusiyanın ziyanına dəyişir.

Ermənistan Rusiya Federasiyası ilə eyni rejimdə ən azı yüz dəfə məşq edə bilər. Yalnız əsas problem ondadır ki, bu cütlük artıq bölgənin xəritəsini dəyişdirmək iddiasında deyil, rəqibləri isə praktiki olaraq belə bir xəritəni artıq formalaşdırır. Bu vəziyyətdə, belə bir qüvvələr balansı ilə heç kim İrəvana heç bir zəmanət verə bilməz, çünki Rusiya Federasiyasının özü çətin bir faktla üzləşib: yeni Qarabağ müharibəsinin meydana çıxacağı təqdirdə birbaşa iştirak. Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi, soyuması və artıq onlarla sıx bağlı olan Türkiyə-Rusiya münasibətlərinin də eyni istiqamətdə neqativə yuvarlanması reallığı var.

Türkiyə sürətlə irəliləyir və əgər Rusiya ona düşündüyü hər şeyi söyləmək üçün özündə güc tapmasa, Ankara üçün praktiki olaraq heç bir maneə olmayacaq. O cümlədən Orta Asiyanın geniş məkanında. Ancaq bu vəziyyətdə Azərbaycanın özü üçün də əhəmiyyətli risklər var ki, şübhəsiz ki, özü üçün də hesablayır, çünki onun azad hərəkət etmək imkanları da getdikcə daha çox məhdudlaşa bilər.

- Bugünlərdə “Vahid Rusiya” Partiyası Robert Köçəryanı Moskvaya siyasi müzakirələrə dəvət etdi. Bunun səbəbi nədir? Seçkiöncəsi hakim partiya Paşinyana hansısa siqnallar verir?

- Rusiya Federasiyasından baxanda Köçəryan - ermənilər onun haqqında nə iddia etsələr də - ən sağlam düşüncəli yerli siyasətçilərdən biri kimi görünür. Sadəcə, qalanları ondan bir baş aşağıdır, buna görə də istər-istəməz, baş avtomatik olaraq keçmiş siyasi tarixə tərəf çevrilir. Köçəryanın özü də Moskva üçün "pəncərədəki işıq" deyil, sadəcə sözlərinə və əməllərinə məsuliyyət daşımağı bacaran və addımlarını ən azı bir həftə əvvəl planlaşdıran birini görmək istəyir.

Moskva, əlbəttə ki, Köçəryanı və ya başqasını Ermənistana sırıya bilməz və bunu etmək niyyətində də deyil. Köçəryan kimi insanlar, heç olmasa, ortaq iqtisadi layihələrin lazımi parametrlərdə saxlanılacağına dair elementar zəmanətlərdir.

"Paşinyana siqnallar"a gəlincə, görünür, Nikol Vovayeviçin özü uzun müddətdir "kosmik" siqnallardan başqa heç bir siqnala fikir vermir. Ermənistan əhalisini nə köhnə, nə də yeni siyasətçilər maraqlandırır. Ancaq bu kiçik ölkədə onlar üçün başqa yeni simalar yoxdur. Ticarət sahəsində deyildiyi kimi: nə veririlərsə, götürün, sonra bu da olmayacaq.

Müəllif: Nicat Hacıyev