Festivalın hər üç kateqoriyasında müsabiqə proqramına Azərbaycan filmləri daxil edilib
6-cı Türk Dünyası Beynəlxalq Qorqud Ata Film Festivalı 3-7 noyabr tarixlərində İstanbulda keçiriləcək. AYNA.AZ xəbər verir ki, Festivalda Azərbaycanı rejissorlar və Mədəniyyət Nazirliyinin nəzdindəki Kino Agentliyinin nümayəndələri də daxil olmaqla böyük bir nümayəndə heyəti təmsil edəcək.
Festivalın hər üç kateqoriyasında müsabiqə proqramına Azərbaycan filmləri daxil edilib.
"Tağıyev: Məktəb" filmi bədii film kateqoriyasında, "Azıx Mağarası" sənədli film və "Yeriniz Uzun Yaşasın" qısametrajlı film kateqoriyasında nümayiş olunacaq.
Festivalda müsabiqə proqramından əlavə, klassik Azərbaycan filmi "Cənub şəhərində" və müasir "Bakı Türkoloji Qurultayının 100 ili" sənədli filmi də nümayiş olunacaq.
Azərbaycan nümayəndə heyətinin səfəri zamanı türk dünyası ölkələri ilə kinematoqrafiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün görüşlər planlaşdırılır.
Qorqud Ata Festivalı 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib. Əsas məqsədi türk ölkələrinin və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya təqdim etməkdir.
Son beş ildə festival Bakı da daxil olmaqla, türk dünyasının müxtəlif şəhərlərində keçirilib.
Festivalın rəsmi posterinin simvolizmi - durna təsviri və Orxon kitabəsi - türk dünyasının birliyi ideyasını və onun dərin mədəni və tarixi ənənələrini əks etdirir.