Azərbaycan cəmiyyəti koronavirusa qarşı: “Lütfən, hər kəs olduğu yerdə qalsın”

Cəmiyyət

19.03.2020 - 13:02

Bölgələrdən Abşeron yarımadasına gəlişə məhdudiyyət tətbiq olunması vətəndaşlarda sıxıntılar yaratsa da, ümumi mənafelər naminə qərar təqdir olunur

 

Məlum olduğu kimi, martın 19-u saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

 

Vətəndaşlar, xüsusilə də bölgələrin sakinləri bu qərara hazır idimi? Planlarımızda nələr dəyişdi? AYNA əməkdaşı bu suallarla sosial şəbəkə istifadəçilərinə müraciət edib.

 

Aynur Şahkərimova: “Pandemiya elan olunan gündən qadağasız-filansız rayonda oteldə bayram bronumuzu ləğv etdik, bayramın geri qalan günlərində rayonlardakı qohumların evlərinə getmək fikrindən daşındıq. Həm özümüz, həm də avtomobilimiz Bakı qeydiyyatında olmasına baxmayaraq, qətiyyən evdən çıxmağı düşünmürük. Həkimlər çağırışında necə deyirlər: həyat xilas etmək istəyirsənsə, evdə qal. Biz də qanunlara əməl edirik”.

 

Qurban Zeynalov: “İtaliyada Lombardiya əyalətininin karantinə alınmasından sonra o əyalətdəki insanlar qaçmağa başladılar. Eynilə İranda insanlar karantin ərazisindən şimala doğru hərəkət etməyə başladılar və virusu özləri ilə həmin ərazilərə də apardılar. Bizdə isə Bakı qeydiyyatı olan avtomobillər şəhərə daxil ola biləcək və çıxacaq. Bu, nə mənasız yanaşmadı?! Qaynar nöqtə hal-hazırda Bakıdır. Əlavə olaraq bizdə hələ də virusu ciddi qəbul etmirlər. Bəziləri "oyundur, inanmıram", - deyirlər. Bu qərarla təşvişə düşüb, qalacaqlar rayonlarda”.

 

Arzu Umut: “Yerində verilən qərardır, dəstəkləyirəm. Pandemiya elan olunub. İtalyanın aqibətini yaşamamaq üçün qərarlara əməl etməliyik. Əfsuslar olsun ki, valideynlər çox məsuliyyətsiz yanaşırlar. Hipermarketdə uşaqlara hər kəsin istifadə etdiyi ərzaq arabalarından tutmağa icazə verirlər. Evdəyəm, deyilənlərə əməl edirəm, əhval-ruhiyyəmi yüksək tuturam”.

 

Leyla Abdullayeva: “Məsələn, mənim babam ağır xəstədir. Belə çıxır ki, onun başına bir iş gəlsə, biz ora gedə bilməyəcəyik?! Amma bir tərəfdən yaxşıdır ki, cənub bölgəsindən paytaxta, paytaxtdan regionlara virusun yoluxma riskinin qismən də olsa, qarşısı alınacaq”.

 

Nailə Əkbərova: “Təbii ki, əməl etmək lazımdır. Hər şey bizim üçündür. Virusdan qorunmağımız üçündür”.

 

Rza Məmmədov: “Bütün planlar alt üst oldu, daha sonra isə planlarımızı ləğv etdik”.

 

Nailə Babayeva: “Cığallıq bu məsələdə keçməyəcək, qayda hamı üçündür. Gəlin, ayrı-seçkilik salmayaq”.

 

Vüsal Əliyev: “Düşünülməmiş bir qərardır. Deməli, şəhərli gedib xəstəliyi rayonda yaysın, amma rayonlu ürəyi istədiyi kimi gəlib şəhərdə koronavirusa tutulub xəstələnə bilməsin. Belə şey olar?”.

 

Ruhiyyə İsrafilova: “Qadağa gərək insanın içində olsun. Bu vəziyyətdə insan gərək özü dərk etsin hər şeyi. Kaş rayonlara giriş qadağan olsun. Çünki, şəhər mühitinə nisbətən rayonda sakitlikdir, təmiz hava var. Amma Bakı sıxlıqdır. Kim hardadırsa, lütfən, hərə öz yerində qalsın. Bu il heç bir plan qurmasınlar”.

 

İlqar Əhməd: “Əslində, yaxşı qərardır. Amma "Bakı qeydiyyatında olanlar gedib-gələ bilər, qalanları yox" - düzgün yanaşma deyil. Qərar hamıya aid olmalıdır və hamılıqla icra olunmalıdır”.

 

Gülnar Cəfərova: “Vəziyyət ciddi olduğu üçün bu qərar verilib, bizim borcumuz əməl etməkdir, insanların sağlamlığı üçün, mümkün olduqca evdə olaq”.

Müəllif: Təranə Xudabaxşiyeva