Deputat: “Ermənistan revanşist ritorika ilə məsuliyyətsiz və təxribatçı siyasətini davam etdirir”
Milli Məclisin deputatı Ülviyyə Ağayeva ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Baş Komitəsinin onlayn iclasında iştirak edib. AYNA xəbər verir ki, iclasda çıxış edən deputat Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində tarixi, mədəni və dini irsə aid 400-dən çox abidənin Ermənistan tərəfindən məhv edildiyini bildirib.
“Bildiyiniz kimi, Azərbaycan əraziləri 30 ilə yaxın idi ki, ermənilərin işğalı altında idi. 1990-cı illərin əvvəllərindən bəri Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərimizdə mədəni irsimizə qarşı qanunsuz olaraq demoqrafik mənzərənin dəyişdirilməsi, infrastrukturun dağıdılması və vandalizm məqsədli digər tədbirlər həyata keçirilib. Təəssüflə deməliyəm ki, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki dağıntıların miqyası olduqca genişdir. Azərbaycanın tarixi və mədəni irsinin qəsdən məhv edilməsi və mənimsənilməsi, habelə şəhərlərin dəyişdirilən memarlıq xüsusiyyətləri, onların Azərbaycan mənşəli olduğunu təsdiqləyən əlamətlərin silinməsi ilə Ermənistan məqsədini açıq şəkildə nümayiş etdirdi. Dərin nifrət və düşmənçiliyin daha bir nümunəsi Azərbaycanın yerlə-yeksan olunmuş Ağdam rayonudur. Siz bu rayonun işğaldan əvvəlki vəziyyətini asanlıqla tapa və hazırkı vəziyyətlə müqayisə edə bilərsiniz. Bəzi beynəlxalq jurnalistlər Ağdam şəhərini “XXI əsrin Xirosiması” adlandırırlar”, - deyə deputat qeyd edib.
Ü.Ağayeva bildirib ki, bir vaxtlar işğal olunmuş Qarabağ bölgəsində Azərbaycanın tarixi, mədəni və dini irsinə aid 400-dən çox abidə Ermənistan tərəfindən məhv edilib. Qarabağ bölgəsindəki məscidlərdən - müsəlmanlar üçün müqəddəs olan məkanlardan donuz və mal-qara saxlamaq üçün tövlə kimi istifadə edilib. Azərbaycan isə bu mənasız vandalizm hərəkətlərinə cavab olaraq mənşəyindən asılı olmayaraq, azad edilmiş ərazilərimizdəki bütün dini irsin və abidələrin qorunacağı, hətta yüksək səviyyədə bərpa ediləcəyi mesajini verdi və bunu həyata keçirmək üçün konkret addımlar atır. Azərbaycan özünü fərqli mədəniyyət və dinlərə mənsub xalqların sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyi ölkə olaraq tanınır. Bu Roma Papası Fransisk tərəfindən dünya üçün model kimi qiymətləndirildi.
“Azərbaycan azad edilmiş ərazilərdəki humanitar vəziyyəti yaxşılaşdırır və qarşıdurmadan sonra sürətli bərpa istiqamətində irəliləməyi hədəfləyir. Lakin təəssüf ki, Ermənistan revanşist ritorika ilə məsuliyyətsiz və təxribatçı siyasətini davam etdirir. Bu ölkənin təcavüzkar hərəkətləri regional sülhü və təhlükəsizliyi təhdid edir”, - deyə deputat qeyd edib.