“Atəşkəs olsun, amma nəticə nə olacaq?” - <font color=red> Mövlud Çavuşoğlu</font>

Siyasət

06.10.2020 - 15:00

Türkiyə XİN başçısı: “Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlər? Demirlər”

 

“Ermənistan beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.

 

Türkiyə XİN başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyət bunun belə davam etməyəcəyini bilməlidir: “Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları müvafiq qərarlara baxmayaraq, azad edilməyib. Bütün bunlara baxmayaraq, hər zaman hücum edən Ermənistan olub. Çətin vəziyyətə düşən Ermənistan Gəncəni, Tərtəri, Xızını atəşə tutur. Bu, müharibə cinayətidir”.

 

“Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan mülki əhalinin yaşadığı obyektləri hədəfə almır. Fərq budur. Biz Azərbaycanla bir millətik. Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləyiriksə, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Dağlıq Qarabağ Azərbaycanındır. Hamı atəşkəs çağırışı edir. Atəşkəs olsun, amma nəticə nə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlər? Demirlər. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər. Minsk Qrupuna daxil olan ölkələr işğala məruz qalanla, işğalçı arasında fərq qoymur. Belə davam etməyəcəyini bütün dünya anlamalıdır”, - deyə Türkiyənin XİN başçısı bildirib.

 

Çavuşoğlu qeyd edib ki, məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir: “Bu insanlıq cinayətidir, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutudur”.

Müəllif: Ayna.az