Almaniya İsrail hökumətinin ayrı-ayrı üzvlərinə qarşı Aİ sanksiyalarını dəstəkləyə bilər
Almaniya kansleri Fridrix Merz İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza zolağında fələstinlilərin qətlə yetirilməsi ilə bağlı açıqlamalarını, eləcə də İsrailin işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələrinin inşası planlarını kəskin tənqid edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Almaniya hökumətinin sözçüsünün müavini Sebastian Hille bu mövqeyi səsləndirib.
O, Ben-Qvirin "nifrət dolu və beynəlxalq səviyyədə qanunsuz çağırışlarının" Almaniya kansleri üçün qəbuledilməz olduğunu vurğulayıb.
Hille həmçinin açıq şəkildə bildirib ki, İsraillə həmrəyliyinə baxmayaraq, Almaniya İsrail hökumətinin ayrı-ayrı üzvlərinə qarşı Aİ sanksiyalarını dəstəkləyə bilər.
“Reuters” agentliyinin verdiyi məlumata görə, Aİ Şurası insan ləyaqətinin və beynəlxalq hüququn pozulmasına çağırış edən radikal siyasətçilərə qarşı məqsədyönlü tədbirlər hazırlamaq qərarına gəlib. Hökumət və Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, Aİ xarici işlər nazirləri gələn həftə keçiriləcək qeyri-rəsmi görüşdə müvafiq təklifləri müzakirə edəcəklər.
18 avqustda vitse-kansler Lars Klingbeil Aİ sanksiyalarının nəzərdən keçirilməsinə çağırıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro da Ben-Qvirin fələstinlilərin hədəfə alınaraq öldürülməsi çağırışını "dözülməz və qeyri-insani" adlandırıb. Barro həmçinin İsrailin işğalı altında olan Qərb Şəriyəsindəki vəziyyətə də münasibət bildirib. O, "La Montagne" qəzetinə verdiyi müsahibədə deyib: "Orada baş verənlər ləyaqətsizdir və hamımızı iyrəndirməlidir". Barro əlavə edib ki, Fransa artıq Ben-Qvirin ölkəyə girişini qadağan edib.
İsrailin milli təhlükəsizlik naziri əvvəllər İsrailin hər gecə Qəzzada 30-40 hədəfə yönəlmiş sui-qəsd həyata keçirməli və Qəzzada yəhudi yaşayış məntəqələri tikməyə başlamalı olduğunu bildirmişdi. Bundan əlavə, İsrail hökuməti Qərb Şəriyəsinin E1 adlanan ərazisində 1000 mənzil tikintisi üçün tender elan edib.