Ziddiyyətli Qələbə günü və siyasi-ideoloji toqquşma: 8 may, yoxsa 9 may?

Maraqlı

09.05.2022 - 10:08

Firdovsiyyə Əhmədova: “Berlin vaxtı ilə gecə saat 11-ə qalmış imzalanan kapitulaysiya aktı Moskva vaxtı ilə saat 1-ə qalmışa təsadüf edir”

Bu gün milyonlarla insanın həyatını, sağlamlığını itirməsi, evlərinin, şəhərlərinin dağılması ilə nəticələnmiş, dünya əhalisinə böyük əzab, məhrumiyyətlər gətirmiş İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ilidir. Belə ki, 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytelin qeyd-şərtsiz təslim aktını imzalaması ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Lakin qələbə günü postsovet və müharibədə iştirak etmiş digər ölkələrdə fəqli vaxtlarda qeyd olunur.

Bu fərqliliyin faktiki, ideoloji, siyasi tərəflərini AYNA-ya şərh edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın sözlərinə görə, bunun səbəbi saat qurşağında fərqliliklə bağlıdır: "Qələbə günü Almaniyanın kapitulyasiya aktını imzalaması ilə qeyd olunur. Sadəcə mayın 8-i axşam bağlanan akt saat etibarı ilə Rusiyada növbəti günə - 9 may təqviminə təsadüf edir. Yəni 11-ə qalmış bağlanmış kapitulaysiya aktı Rusiya təqvimində 9 may saat 1-ə qalmış radələrinə təsadüf edir. Buna görə Avropa ölkələrində, təbii olaraq, həmin tarix 8 mayda, SSRİ məkanında isə 9 mayda qeyd olunur".

Siyasi, ideoloji tərəfinə qaldıqda tarixçi deyib ki, SSRİ-ni təşkil etmiş müttəfiq respublikaların da əksəriyyəti həmin tarixi İkinci Dünya müharibəsinin başa çatması, faşizm üzərində qələbə günü kimi mayın 9-u qeyd edib: "SSRİ mövcud olduğu dövrdə bütün Sovetlər Birliyi məkanında bu tarix 9 mayda qeyd olunurdu. Amma SSRİ dağıldıqdan sonra müttəfiq respublikalar fərqli vaxtlarda qeyd etməyə başladı. Bu, yalnız postsovet məkanına aid məsələ deyil. Mərkəzi Avropa, Almaniya, Balkan ölkələrində də fərqli günlərdə qeyd edirlər".

“Bu günün qeyd edilməsində mahiyyət baxımından yanaşmalarda da fərqliliklər mövcuddur. Bu günü "Azadlıq günü", "Almaniya üzərində qələbə günü", "Faşizm üzərində qələbə günü" və s. kimi qeyd edənlər var. O baxımdan əsasən Mərkəzi Avropa ölkələrinin fərqli yanaşması var. Şərqi Avropa ölkələri Sovetlər vaxtında, xüsusən də “soyuq müharibə” dönəmində SSRİ-nin nüfuz dairəsinə daxil olan region idi. Varşava Müqaviləsi Təşkilatına daxil olan ölkələr də bu tarixi 9 mayda qeyd edirdi", - deyə mütəxəssis bildirib.

Həmsöhbətimiz bu məsələdə fərqli yanaşmanın həm də İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında anti-faşist koalisiyası dövlətlərinin hansının payının daha çox olması ilə bağlı mübahisənin də payı olduğunu söyləyib: "Çünki uzun müddət hələ müharibənin gedişatında ikinci cəbhənin açılması məsələsi ləngidilirdi və mübahisələr, müzakirələr davam edirdi. Ona görə qələbənin qazanılmasında "SSRİ, yoxsa onun müttəfiqi olan ölkələrin payı daha çoxdur?" sualı indiyə qədər də tarixşünaslıqda mübahisəyə səbəb olan məsələlərdən biridir. Müttəfiqlər bu qələbənin qazanılmasında paylarının daha çox olduğunu qeyd edirlər, sovet ideologiyası, tarixşünaslığı isə birmənalı olaraq sovet xalqının hünəri kimi təqdim edib".

"Yəni bu tarixin 8 may və ya 9 mayda qeyd olunmasında ideoloji yanaşma da öz təsirini göstərir. Xüsusən də saat qurşağı ilə kapitulaysiya aktının imzalanması 9 may yox, 8 may gününə təsadüf edibsə və onlar da həmin tarixdə qeyd edirlərsə, burda siyasi-ideoloji yanaşma özünü büruzə verir", - deyə Əhmədova vurğulayıb.

“Əslində, hansı gündə qeyd olunmalıdır” məsələsinə gəldikdə, tarixçinin fikrincə, hər bir dövlət Almaniyanın kapitulyasiya aktını imzaladığı saatın öz ölkəsində təsadüf etdiyi tarixdə qeyd etməlidir: "Sovetlər məkanına daxil olmuş dövlətlərin və Azərbaycan Respublikasının bu məsələyə yanaşmasına qaldıqda isə nəzərə alaq ki, faşizm üzərində qəzələbə qazanılmasında Azərbaycan xalqının bütün cəbhələrdəki əməyi, resursları ilə köməyi baxımından böyük bir töhfəsi, payı var. O baxımdan, təbii ki, Azərbaycan da ənənəvi olaraq 9 May gününü Sovetlər Birliyində olarkən də qeyd edib, indi də qeyd edilir. 9 may rəsmi olaraq qeyri-iş günü elan olunub və bu ənənə davam etdirilir".

Müsahibimiz bu qələbəni qeyd etməkdə Azərbaycan xalqının mənəvi, tarixi, siyasi, hüquqi haqqı olduğunu qeyd edib: "Azərbaycan xalqı erməni faşizmindən, təcavüzündən böyük bəlalar çəkmiş, fəlakətlər yaşamış bir xalqdır. Ona görə faşizmin, terrorun əziyyətini nəinki İkinci Dünya müharibəsində, eyni zamanda öz qonşusu tərəfindən illər uzunu dəfələrlə çəkib. Bu baxımdan 9 May gününün Azərbaycanda da qeyd olunması təbiidir. Sadəcə bu tarixi qeyd edərkən biz SSRİ-nin varisi və yaxud da Rusiyanın təsiri altında  olan bir dövlət kimi yox, müstəqil, süveren və faşizmə, hər hansı təcavüzə qarşı kəskin, sərt mövqedə dayanan dövlət olaraq bu reaksiyanı veririk. Bu tarixi qeyd etməyimizin mahiyyətində, fəlsəfəsində də bu amil dayanır”.

Müəllif: Aləmdə Nəsib