Yiyəsiz qalmış Mingəçevir...

Cəmiyyət

28.07.2020 - 12:37

Sovet dağılanda ölkədə ilk zərbəni alan şəhərlərdən biri də “fəhlə şəhəri” olan Mingəçevir oldu

 

Doğulub boya-başa çatdığım Mingəçevir şəhərində ağlım kəsəndən yerli sakinlərin bir ifadəsini eşitmişəm: “Mingəçevir yaxşı şəhərdir, ancaq yiyəsi yoxdur”. Sakinlərin bu fikri nəinki sovet, hətta müstəqilliyimiz dövründə də öz aktuallığını itirməyib.

 

Mətbuatdan oxuyuram ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum yaradılıb. Yeni yaradılmış 20 saylı Ərazi Məşğulluq Mərkəzi əhatə dairəsi Mingəçevir də daxil olmaqla Goranboy, Yevlax və Xocalı olacaq. Qısaca qeyd edim ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin timsalında daha bir dövlət qurumu regional idarəetmə sisteminə keçiddə ilk addımı atdı. Yaxşıdır ki, hökumət artıq regional idarəetmənin vacibliyini qəbul etməyə başlayıb və gec də olsa bu istiqamətdə nəsə etmək istəyir. Bu məsələnin dərinliyinə getmək istəmirəm, çünki yazını yazmaqda məqsədim tamam başqadır.

 

Məlum oldu ki, 20 saylı Ərazi Məşğulluq Mərkəzi Goranboyda yerləşəcək. Yəni nazir bu Mərkəzin ölkənin 4-cü ən böyük şəhəri olan Mingəçevirdə yox Goranboy rayonunda yerləşməsinə üstünlük verib. Şübhə etmirəm ki, seçimdə nazirliyin öz əsaslandırması var. Ancaq heç bir əsaslandırma ölkənin yaxşı infrastrukturuna malik şəhərlərindən olan, strateji baxımdan əlverişli yerdə yerləşən Mingəçeviri kənarda qoymağa qadir deyil. Problem heç də təkcə Ərazi Məşğulluq Mərkəzinin Mingəçevirdə yox, Goranboyda yerləşməsində deyil. Problem bu gözəl, təmiz, yaşıl və alman əsirlərinin sayəsində bəzi Avropa şəhərlərini xatırladan Mingəçevirə olan ögey münasibətdir. Bu ögey münasibətin kökündə sakinlərin dediyi kimi şəhərin “yiyəsinin” olmamasıdır. Təsəvvür edin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi qonşu Yevlaxda yerləşir, 2 saylı Regional Maliyyə Müfəttişliyi Yevlaxa köçüb. Regional Təhsil İdarəsi də Yevlaxdadır. Regional Mədəniyyət İdarəsi Bərdədə yerləşir. Mərkəzi Bankın Ehtiyat Mərkəzi Yevlaxda, Regional Mərkəzi isə Gəncədə fəaliyyət göstərir. Mingəçevirdə yeganə olaraq yerləşən regional mərkəz - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. Bu İdarənin əslində Mingəçevirdə yerləşməsi bir o qədər də vacib deyil. Mingəçevirdə ASAN xidmət istifadəyə verilənədək şəhər sakinləri xarici passport almaq üçün Şəkiyə getməli olurdular. Əminəm ki, ASAN xidmətdə də regionallaşma siyasəti olsaydı regional xidmət Mingəçevirdə olmazdı.

 

Təsəvvür edin sovet vaxtı regionda Gəncə və Yevlaxda aeroport tikilib, dəmiryolu vağzalı fəaliyyət göstərib. Şəhər sakinləri təyyarə və ya qatarla gələndə mütləq Yevlaxa getməli olurdu. Tələbəlik illərində Bakıdan “elektriçka” ilə gələndə Mingəçevirin yanından keçib Yevlaxa gedirdik, çünki stansiya orda idi, sonra geri qayıdırdıq. Şəhərin vaxtilə beynəlmiləl olması da ona olan diqqətsizliyi aradan qaldıra bilməyib.

 

Əlbəttə bütün bunların kökündə şəhərə rəhbəlik edən və əhalinin millət vəkili seçdiyi şəxslərin mərkəzi hakimiyyət qarşısında nüfuzlarının aşağı olmaları və özlərini şəhərə bağlı hesab etməmələri durur. Məsələn, vaxtilə Faiq Baxşəliyev icra hakimiyyəti başçısı vəzifəsində işləyəndə bütün nöqsanlarına rəğmən öz nüfuzundan istifadə edib şəhərdə universitet açdı. Yuxarıdakı misallardan da göründü ki, ərazidəki əksər mərkəzlər Yevlaxda yerləşir. Çünki bunun əsas səbəbi Yevlaxa nüfuzlu şəxslərin rəhbərlik etməsidir.

 

Bu şəhərdə olanlar onun gözəl və təmiz olmasını həmişə vurğulayıblar. Şəhər həm də ölkənin intellektual kəsimini təşkil edir. Sovet dağılanda ölkədə ilk zərbəni alan şəhərlərdən biri də “fəhlə şəhəri” olan Mingəçevir oldu. Çünki şəhər sakinlərinin gəliri istehsaldan (zavodlardan) gəlirdi. Şəhərdə kənd təsərrüfatı ilə məşğul olmaq mümkünsüz olduğundan hazırda əsas qazanc mənbəyi ticarətdir. Belə vəziyyətdə mərkəzi hakimiyyətin yerli şöbələrinin gəliri məhdud olan şəhərə yox, digər inzibati ərazi vahidlərinə köçürülməsi anlaşılmazdır.

Sonda sadəcə şəhərdən bir fotoşəkil paylaşıram. Sizcə, belə bir şəhərə diqqətsizlik etmək günah deyil? 

Müəllif: Samir Əliyev, iqtisadçı-ekspert