“Yaşlı və tənha şəxslərin müəyyənləşdirilməsində problem yaşamırıq” – <font color=red> NAZİRLİK</font>

Cəmiyyət

25.03.2020 - 20:00

Fazil Talıblı: “Vətəndaşlarımızın etibarlı sosial xidmətlərlə təminatı istiqamətində 1400-dən çox sosial xidmətçi səfərbər olunub”

 

Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb. AYNA-nın xidmətin necə təşkil olunduğu, yaşlı və tənha insanların müəyyənləşdirilməsində çətinlik yaşanıb-yaşanmadığı və digər suallarını ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Fazil Talıblı cavablandırıb:

 

- Fazil bəy, çağrı mərkəzinizə yaşlı və tənha insanlardan zəng vurub qeydiyyata düşənlər varmı?

 

- Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq təhna yaşayan yaşlı vətəndaşlarımızın sosial xidmətlərlə təminatını Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi həyata keçirir. Hazırda ölkəmizdə 10 mindən artıq təhna yaşayan 65 yaşdan yuxarı vətəndaşımız var.

 

- Nə kimi çətinliklərlə üzləşirsiniz?

 

- Bu məsəldə heç bir çətinliyimiz yoxdur.

 

- Sosial xidmətçilər fəaliyyətə başlayıblar?

 

- Bəli, sosial xidmətçilər fəaliyyətə başlayıblar. Vətəndaşlarımızın etibarlı sosial xidmətlərlə təminatı istiqamətində 1400-dən çox sosial xidmətçi səfərbər olunub. Onlar bu sahədə fəaliyyət göstərirlər. Və bildirmək istəyirəm ki, sosial xidmətlərdən kənarda qalan vətəndaşlarımız da varsa, 142 çağrı mərkəzinə zəng edirlər, onların qeydiyyatı həyata keçirilir, bu yöndə heç bir problem yoxdur. 65 yaşdan yuxarı yaşlı insanlarımızın qorunması məqsədilə bu işlərə öz töhfəsini vermək üçün DOST və ASAN könüllüləri,YAP-ın könüllüləri, Təhsil Nazirliyinin könüllüləri və digər qurumların könüllüləri də cəlb edilib. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini verməkdədir.

 

- İcra hakimiyyətləri siyahıları təqdim edirmi?

 

- Tənha yaşayan vətəndaşların müəyyən edilməs ilə bağlı aidiyyəti qurumlardan da informasiya əldə etmişik. Bizdə onların siyahısı artıq mövcuddur. Qeydiyyata alınmaları üçün 142 Çağrı Mərkəzinə də müraciət edirlər. Yəni bu sahədə heç bir problem yoxdur. Biz bütün bunları yüksək səviyyədə həyata keçiririk.

 

- Fazil bəy, pandemiyanın yaratdığı fəsadlar sırasında insanların sosial vəziyyəti də öndə duran məsələlərdən biridir. İşdən ayrılan, ixtisar olunan və günəmuzd çalışan vətəndaşlarımız da var ki, karantin müddətində onlar daha çox ehtiyac içərisində qalıblar. Həmin insanlarla bağlı sosial yardım və ya buna bənzər hansısa köməyin olacağı ilə bağlı Nazirliyin təklifləri varmı?

 

- İşdən ayrılan vətəndaşlara gəlincə, biz artıq sahibkarlara çağırış etmişik ki, əsassız yerə işçiləri ixtisar etməsinlər və bununla bağlı monitorinqlər aparılır, bu, yolverilməzdir. Dövlətin bu istiqamətdə apardığı işlərə öz dəstəklərini versinlər, həmrəyliklərini nümayiş etdirsinlər. Və bu barədə də biz məlumat vermişik. Əmək müqavilələri bildirişi altsistemində də gündəlik monitorinqlər aparılır. Təbii ki, hazırda sahibkarların həssas qrupları müəyyən edilir ki, bununla pandemiyanın gətirdiyi mənfi fəsadların hansı sahədə iqtisadi fəaliyyət növlərinə təsiri ola biləcəyi müəyyənləşdirilir. Bunu müəyyən etdikdən sonra dövlət öz dəstəyini də verəcək və dövlətin dəstək mexanizmləri də artıq hazırlanır.

Müəllif: Ülviyyə Şahin