Yarımçıq Solovyov

Aktual

01.02.2021 - 19:00

Qarabağ müharibəsi zamanı Solovyovun dedikləri ilə əlaqədar  CIPDH komissarı Baş prokurorluğa çağrılıb

 

Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin (CIPDH) Azərbaycan üzrə komissarı vəzifəsini icra edən Elçin Axundzadə, tanınmış rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyova qarşı cinayət işi başlanılması xahişinə əsasən ifadə vermək üçün respublikanın Baş Prokurorluğunun Baş İstintaq İdarəsinə dəvət edildi.

Bu barədə “Ayna”ya Elçin Axundzadənin özü məlumat verib.

Xatırladaq ki, ötən il oktyabrın 19-da hüquq müdafiəçisi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şəbəsinin müdiri Fuad Ələsgərova müraciət etmişdi.  Müraciətində  Solovyovun Qarabağdakı müharibənin müzakirəsinə həsr etdiyi proqramlarında açıq-aşkar bir ermənipərəst mövqe tutaraq, yalnız Azərbaycan qanunvericiliyini pozmadığını, xarici muzdluları açıq şəkildə Ermənistanın hərbi heyətinə qoşulmağa çağırdığını, həm də Azərbaycan xalqını təhqir etdiyi qeyd edilirdi. Jurnalist Dağlıq Qarabağı «Artsax” adlandıraraq publik şəkildə Azərbaycanın ərazi bütövlüyünə şübhə altına alırdı.

“Dünən istintaq idarəsinə gedərək, orada Solovyovun qanunları pozduğu bütün epizodları əks etdirən ifadəmi yazdım. Bununla əlaqədar Baş İdarədə araşdırma başlayıb. Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozan hər kəs əməllərinə görə cavab verəcək. Mən həmişə ölkəmin maraqlarını müdafiə etmişəm və bundan sonra da qoruyacağam. Çox istərdim ki, aidiyyəti dövlət strukturları məni dəstəkləsinlər ki, Azərbaycanın düşmənlərinə qarşı mübarizədə əlavə platformalardan və mənbələrdən istifadə etməyimə kömək göstərsinlər. Mən bu döyüş meydanında hələ ki, təkəm. Əlbətdə ki, maddi dəstəkdən danışmırıq. Ermənilər informasiya müharibəsini davam etdirirlər və revanş arzularını açıq elan edirlər, düşməni hər tərəfdən dəf etmək üçün birləşməliyik ”, dedi hüquq müdafiəçisi.

Xatırladaq ki, V. Solovyov dəfələrlə «azərbaycanlıların qaniçənliyi” ilə bağlı saxta məlumatlar yayaraq, tamaşaçıları aldadıb.

Azərbaycan könüllülərinin cəbhəyə səfərbərlik səhnəsini erməni könüllüləri olaraq göstərib, və yalnız kadrlarda Azərbaycan bayrağı görünəndən sonra işfa olunduğunu anlayıb və təhqirlərə keçib. Bir müddət sonra bu hiyləgər, bir yapon Youtube istifadəçisi tərəfindən şəbəkədə yerləşdirilən ARMA 3 oyununun yer-hava döyüşünün görüntülərini Dağlıq Qarabağ hadisələri adı altında təqdim edərək, Azərbaycanın hava hücumundan müdafiə vasitələrinin “Rusiya sərhədindən 80 km-də təyyarəni belə atəşə tutduğunu” bildirmişdi...

“Vladimir Solovyovun Azərbaycanı sevməməsini başa düşmək olar, ancaq azərbaycanlılara qarşı təhqiri və vətəndaşları ölkəmizin qanunlarını pozmağa açıq çağırışı bağışlamaq olmaz”, - deyə hüquq müdafiəçisi fikrini yekunlaşdırdı.

Ramella İbrahimxəlilova

Müəllif: Ayna.az