Yarımçı xərçəng və koronavirus

Cəmiyyət

01.04.2020 - 19:00

Xərçəng xəstələri koronavirusdan necə qoruna bilər?

 Koronavirus dünya üzrə yayılmaq sürətini hələ ki azaltmır, alimlərinsə xəstəliyə qarşı vaksin tapmaq tədqiqatları davam edir. Xroniki xəstəliyi olan insanların virusdan daha çox qorunması tələb olunduğu vaxtda, xərçəng xəstəliyi ilə bağlı suallar da yaranır. Xərçəng xəstəliyi özlüyündə ən ağır xəstəlik qrupuna daxildir, bəs belə xəstələr Covid-19 riskini necə adlaya bilər?

AYNA mövzu ilə bağlı bir neçə beynəlxalq və ölkələrin milli araşdırma mərkəzlərinin məlumatlarını təhlil edib.

 ABŞ-ın Milli Onkologiya(Xərçəng) İnstitutu(US National Cancer İnstitute) davamlı xərçəng xəstələri ilə bağlı yeniliklərində Covid-19-la bağlı xəbərdarlığını pasiyentləri ilə bölüşüb. İnstitutun rəsmi internet səhifəsində bəzi növ xərçəng növləri və və kimyaterapiya immun sistemini zəiflədir , bu səbəbdən Covid-19-a yoluxma riskinizi artıra bilər. Həmçinin xərçəng də daxil olmaqla ciddi xroniki sağlamlıq vəziyyəti olan böyüklər və uşaqlarda Covid-19 kimi yoluxucu xəstəliklərdən daha ciddi fəsadların yaranma riski daha yüksəkdir.

ABŞ-ın Amerikan Xərçəng Cəmiyyəti isə (American Cancer Society) öz rəsmi internet səhifəsində onkoloji xəstələrə bütün yardımların verilməsi üçün 24 saat onlayn xidmət göstərir.

Almaniyanın ən böyük biotibbi tədqiqat müəssisəsi olan Almaniya Xərçəngi Araşdırma Mərkəzi (Deutsches Krebsforschungszentrum, DKFZ)  1300-dən çox alimi  xərçəng riski amillərini müəyyənləşdirməklə və insanların xərçəngə tutulmaması üçün yeni strategiyaları hazırlamaqla yanaşı, Covid-19-a qarşı peyvənd axtarışına da cəlb olunub. Mərkəz  şiş diaqnozu olan və ya qoyulmayan, xəstəlikdən xəbəri olmayan insanların koronavirusa yoluxmamaq üçün tədbirli olmağa çağırıb. Onkoloji xəstələrin də Ümumdünya Səhiyyə Təşkilatının bütün ölkələr üçün nəzərdə tutulan qaydalarına əməl etməyi tövsiyə edib. DKFZ-nin Xərçəng Məlumat Xidməti  xəstələr, geniş ictimaiyyət və səhiyyə işçiləri üçün xərçənglə bağlı bütün suallara fərdi alimlərin timsalında operativ cavab verməyə hazırdır.

Türkiyənin Türk Tibb Onkoloji Dərnəyi ilə ölkənin koronavirusla bağlı yaradılmış qərargahı Covid-19  riskindən qorunmaq üçün belə xəstələr üçün xüsusi təlimatlar hazırlayıb. Həmin təlimatda deyilir:

“COVID-19 infeksiyası riski  onkoloji xəstələrdə müalicənin başlanmasına və davam etdirilməsinə maneə deyil. Ancaq xəstələrdə müalicə qərarı, müalicə məqsədləri, xəstənin ümumi vəziyyəti və müalicə tolerantlığı nəzərə alınmaqla fərdi olaraq verilməlidir.

Aktiv xərçəng müalicəsi almayan xəstələr üçün müntəzəm təqib səfərlərini təxirə salmaq olar.

Aktiv müalicə alan xəstələr üçün xəstənin və müəssisənin vəziyyətinə görə sonrakı tarixə təxirə salınmış müalicə və müayinə təyinatları xəstə və onkoloq tərəfindən qiymətləndirilir.

Səhiyyə Nazirliyinin tövsiyələri, milli və beynəlxalq qaydalar xərçəng xəstələrində fərdi qoruyucu vasitələrin istifadəsi üçün etibarlıdır. Xəstənin, yaxınlarının və səhiyyə işçilərinin sağlamlıq riskini minimuma endirmək üçün bu mövzuda çox diqqət yetirmək lazımdır.

Bir ziyarətçi xaricində stasionar ziyarətləri və müalicə və müayinəyə gələn xəstələri məhdudlaşdırmaq tövsiyə olunur.”

Azərbaycan Milli Onkologiya Mərkəzinin(rəsmi saytında son məlumat 11 martda verilib, o da Mərkəz binasının dezinfeksiyası ilə bağlıdır), elə onkoloq həkimlərin də bu gərgin vaxtda öz xəstələrinə, həssas qrupdan olan insanlara hər hansı kütləvi tövsiyələri eşidilmir.  Ümumi şəkildə xroniki xəstəliyi olan insanların daha çox tədbirli, ehtiyyatlı olması məsləhətləri isə kütləviləşib. Hər halda onkoloji xəstələr daha çox diqqət tələb edən kateqoriyadır.

Azərbaycanlı onkoloq-həkim Cəlil Bağırov AYNA ilə söhbəti zamanı, xərçəng xəstəsi olan insanların mütləq evdə oturmasının vacib olduğunu vurğulayıb.

“Xərçəng xəstələrinin, həm tibbi,  həm də cərrahi müalicəsinə səbəb olduğu immun-supresif vəziyyəti  səbəbindən virus xəstəliklərinə daha həssasdırlar. COVID-19 olan xərçəng xəstələrində  yoluxma riski, xərçəng olmayan COVID-19 xəstələrinə görə 3, 5 dəfə daha yüksəkdir. Ona görə də, kimyaterapiya alan xəstələr ya xüsusi rejimdə müalicə ala, və ya şəxsi həkimi ev müalicəsini tətbiq edə bilər”, deyə həkim vurğulayıb.

Raminə Eyvazqızı

Müəllif: Raminə Eyvazqızı