Ürəyinin son döyüntüsü...

Yazarlar

18.01.2022 - 20:05

Görkəmli cümhuriyyətçi alim, mərhum Aydın Balayevin yeni monoqrafiyası

Aydın Balayevin vaxtsız vəfatından 40 gün keçdi. Adətən mərhumun “qırxına” böyük məclislər qurulur, ehsan verərək ruhuna dualar oxuyurlar.

Ancaq Aydın Bəyin ömür-gün yoldaşı Nailə xanım Balayeva və ailəsi daha anlamlı və önəmli bir iş gördülər – 40 mərasimi ilə bərabər görkəmli alimin bitirdiyi, ancaq çapa ömrünün vəfa etmədiyi 3 əsərdən birini nəşr etdirdilər…

İş elə gətirdi ki, mən Aydın Bəyin xəstəlyinin ilk günündən xəbərim var idi.

Əvvəlcə mən də Nailə xanım və övladları kimi həyəcan və əndişə içində idim. Ancaq gün keçdikcə Ankarada başlayan müalicə müsbət nəticələr verməyə başladı. Hamımız ümidləndik, Nailə xanımda sanki yeni bir güc mənbəyi, yeni stimul yaranmışdı.

Real vəziyyəti bilən az sayıdakı insan kimi mən də çox ümidli idim. Bir tək Aydın Balayevdən başqa. Özünü daha yaxşı hiss edən kimi darıxmağa başladı, “Bakıya getmək istəyirəm” deyirdi durmadan.

Nailə xanım onu anlayırdı, yoldaşının bütün fikri bitirmək üzrə olduğu üç kitabın yanında idi. Türkiyəyə gələndə evdən təlaşla, tez-tələsik çıxdıqlarında materialları yanlarına almamışdılar. “Kompüterini gətizdirək”, – təklif edirlər. Razılaşmır Aydın Bəy: – “Yazı masamı da gətirəcəksiniz?” deyir. 

Nailə xanıma mən özüm də “Qalsanız yaxşıdır” dedim. Ancaq ailəsi bundan artıq israr edə bilmədi. İlk kursları uğurla tamamlayıb Bakıya qayıdırlar. “Bakı təyyarəsinə minən kimi kefi daha da açıldı“, –Nailə xanım deyir və əlavə edir: “Evə çatan kimi çalışmağa başladı. Gecə gündüz çalışdı, kitabların üçünü də tamamladı”…

Aydın Balayevin necə bir alim olduğu bu örnəkdə çox açıq görünür. O, sanki ölümünü hiss etmişdi və əsil alim kimi, bir Cumhuriyyət sevdalısı kimi elmi monoqrafiyalarını sona çatdırmaq üçün çırpınırdı. Ürəyinin son döyüntüsünü, son nəfəsini bu 3 dəyərli monoqrafiyanın ərsəyə gəlməsinə sərf etdi…

Bundan sonrasını bilirsiz. Amansız ölüm Azərbaycan Tarix elminin ən nəhəng təmsilçilərindən birini əlimizdən aldı. İtirən sadəcə Azərbaycan Tarix elmi olmadı, Türk Dünyasının Tarixi də itirdi. Və böyük itki sadəcə Tarix elminə deyil, bütövlükdə Azərbaycan elmi üçün yeri hələ uzun illər doldurula bilməyəcək bir itki oldu. 

Tək təsəllimiz Aydın Bəyin Azərbaycan türklərinin XIX-XX əsrlərdə formalaşmasının əsas mərhələlərinin öyrənilməsinə həsr etdiyi son kitabının işıq üzü görməsi oldu.

"Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" adlı monoqrafiyası rus dilində nəşr edilib. Yaxında onun ana dilində də çıxmasına da şahid olacağıq. Tarix elmləri doktoru A.Balayev monoqrafiyada xalqımızın formalaşmasında əsas rol oynamış köklü sosial-iqtisadi və mədəni dəyişiklikləri dərk etməyə işıq tutur, Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesini araşdırır…

Bir kitabı yazıb bitirdikdən sonra prosesin ən sevimli mərhələsi müəlliflə nəşriyyat arasındakı kontaktlardır – kitab bitib, onun çapa getməsi üçün müxtəlif redaktə işləri qalıb. Kitabı yazan üçün bu sonuncu mərhələ çox əyləncəlidir, hədsiz zövq verir müəllifə. Ancaq bu zövqü Aydın Bəy yaşaya bilmədi. 

Və bütün yük ömründə kitab redaktə etməmiş, nəşriyyatın göndərdiyi müxtəlif düzəliş və təklifləri təsnif edən Nailə xanımın üstünə düşdü. Soyuq torpağa yenicə tapşırdığı həyat yoldaşının qeydlərinin, əl-yazmalarının içində necə çalışdı, nələr yaşadı, yəqin təxmin edirsiz.

Aydın Bəyin vəfalı yoldaşına nə qədər təşəkkür etsək azdır. Ona can sağlığı arzu edirəm, hələ qarşıda 2 kitabın nəşri kimi bir çox önəmli işlər var…

Nur içində yat, Əziz Aydın Bəy!

Ruhun Şad Olsun, Böyük Türkçü!

18 yanvar 2022

Müəllif: İbrahim Nəbioğlu