Ali Baş Komandan

Elçin Şıxlı

24.12.2020 - 17:45

İlham Əliyevin Ali Baş Komandan olması prezidentliyindən sonra gəlir, amma bu dəfə yox!

 

Pərdənin oynadığını görüb pəncərəyə yaxınlaşdım. Bayıra boylandım. Şüşə nəfəsimin istisindən həmən tərlədi. Bakı küləyi yenə də özündən çıxmışdı, yağan şiddətli yağış damlaları və arabir onu əvəzləyən qar dənələrini pəncərə şüşələrinə çırpır, sanki isti evə soxularaq içəridəkiləri də sovurub özü ilə aparmaq istəyirdi.

 

Üşüyüb geriyə durdum. Fikirləşdim ki, indi əsgərlərimiz Qubadlı və Kəlbəcərdə, Laçın və nəhayət Şuşada qarlı və şaxtalı havada barmaqları tətikdə keşikdədirlər. Özümdən asılı olmayaraq fikrim məni dünən dəfələrlə izlədiyim kadrlara apardı. Ölkə Prezidenti, Ali Baş Komandan işğaldan azad edilmiş Qubadlı rayonuna gedərək Bayrağımızı ucaltmış və müzəffər ordumuzun döyüşçüləri ilə görüşmüşdü. Uşaqların sevincinin həddi-hüdudu yoxdu – Ali Baş Komandan demə, olduqca sadə və səmimi insanmış. Böyüklə-böyük, kiçiklə kiçikmiş.

***

Bu günlərdə telekanallarımızın birində Şuşadan reportaja baxırdım. Molla Pənah Vaqifin məqbərəsi bombardmandan çıxmış kimiydi. Ermənilər böyük şairin məzarını darmadağın etmişdilər. Torpaq yiyəsi özününkünü dağıtmaz, əksinə qurar. Heydər Əliyev kimi.

No description available.

1982-ci ilin yanvarında, məhz bu günkü kimi ayazlı-şaxtalı və qarlı bir gündə onun iştirakı ilə Şuşada Molla Pənahın məqbərəsinin təntənəli açıllışı olmuşdu. Respublikanın bütün ziyalıları və say-seçmə insanları həmin mərasimdə iştirak etmişdilər. Sonradan hər il Şuşada Vaqif poeziya günləri keçirilərdi.

No description available.

Vaqifin məqbərəsinin pərişan halını görəndə əsəbləşsəm də, tezcə də toxtadım. Düşündüm ki, tezliklə məqbərə bərpa ediləcək və əvvəlkindən də gözəl olacaq və bunu İlham Əliyev edəcək, çünki böyük atasının vəsiyyətlərini birər-birər yerinə yetirir.

 

Bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ad günüdür. Əslində, onun Ali Baş Komandan olması prezidentliyindən sonra gəlir, amma bu dəfə yox! Çünki son 100, bəlkə də 150 il ərzində itirdiyimiz torpaqlarımızı hərb yolu ilə geri qaytaran, millətin sarsılmış ruhunu dirçəldən, özünə inam hissini dirildən, qan yaddaşını oyadan Ali Baş Komandan İlham Əliyevdir!

No description available.

İnanıram ki, çox yaxın zamanda Vaqifin məqbərəsinin yenidən açılışına millətin say-seçmə insanlarını da ətrafınıza toplayaraq gedəcəksiniz!

 

Ad gününüz mübarək!

Müəllif: Elçin Şıxlı