Mark Rutte: ““Konkret nə vaxt” sualı olarsa, indi ona cavab verə bilmərəm”
“Ukrayna gələcəkdə NATO-ya daxil olacaq və Alyansın 33-cü və ya 34-cü üzvü olacaq”. Bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldə NATO müdafiə nazirlərinin toplantısında deyib.
“Hazırda Ukraynanın 33-cü üzv olacağı görünür”, - deyən Rutte qeyd edib ki, nəzəri olaraq başqa bir ölkənin Ukraynadan qabaq üzv ola biləcəyini qeyd edib.
Xatırladaq ki, rəsmi olaraq, Bosniya və Herseqovinanın gələcəkdə NATO-ya üzv olacağı bildirilib. Konkret tarixlər göstərilmədən Ukrayna və Gürcüstana da üzvlüklə bağlı söz verilib.
Müttəfiqlərin hazırda Ukraynanın NATO-ya daxil olması üçün “körpü” qurmağa çalışdıqlarını qeyd edən Rutte deyib ki, “Konkret nə vaxt” sualı olarsa, indi ona cavab verə bilmərəm”.
Xatırladaq ki, Ruttenin bu gün Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir. Bu, onların ayın əvvəlindən üçüncü görüşü olacaq. Bir gün əvvəl Zelenski Ali Radada çıxış edərək Ukraynanın qələbəsi üçün beş bəndlik “Qələbə planı”nı təqdim edib. Onlardan birincisi yaxın gələcəkdə NATO-ya üzv olmaq üçün rəsmi dəvəti nəzərdə tutur. Bir çox Qərb mediası mənbələrə istinadən belə bir dəvətin alınma ehtimalına şübhə ilə yanaşır. Rəsmi Vaşinqton da bəyan edib ki, “hazırda Ukraynanın NATO-ya üzvlüyü üçün heç bir şərait yoxdur”.
Rusiya Ukraynanın NATO-ya daxil olmasına qəti etiraz edir və ondan imtinanı sülh danışıqlarının başlanması üçün öz şərtlərindən biri adlandırır.
Müdafiə nazirlərinin görüşündə Rusiya ilə müharibədə Ukraynaya dəstəyin davam etdirilməsi müzakirə olunub. Böyük Britaniyanın müdafiə naziri Con Healey önümüzdəki həftələrdə və aylarda bu dəstəyin artırılmasının lazım olduğunu vurğulayıb. Lakin nazir təfərrüatları açıqlamayıb.
Rutte isə bildirib ki, hazırda məqsəd Ukraynanın Rusiya ilə sülh danışıqlarını “güclü mövqedən” aparmasına şərait yaratmaqdır. Zelenski də “Qələbə planı”nı təqdim edərkən eyni bəyanatı verib. Bununla belə, Ukrayna lideri Qərb müttəfiqlərinin hələ qəbul etmədikləri qərarları - xüsusən də Rusiya ərazisinin dərinliklərinin uzaqmənzilli silahlarla vurmağa icazə verilməməsini nəzərdə tutur.