Üç gənc yazıçı roman müsabiqəsinin qalibi olub

Mədəniyyət

16.12.2022 - 12:27

Qaliblərə pul mükafatı təqdim olunub

“TEAS Press” nəşriyyat evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Gənclərin roman müsabiqəsi”nin yekun nəticələri açıqlanıb. Yeddi ay davam edən üçmərhələli seçim prosesinin yekunlarına əsasən 3 gənc yazıçı qalib olub. Bu barədə AYNA-ya “TEAS Press”dən bildirilib.

Məlumata görə, birinci yerə “Gecənin ən qaranlıq anı” romanı ilə Əşrəf Əşrəfov, ikinci yerə “Nikolas Bonnet – Şərqə aparan hekayə” əsəri ilə Seymur Həmzəyev, üçüncü yerə isə “Xanədan” romanı ilə Pərvin İsmayılov layiq görülüb.

Qaliblərə pul mükafatı təqdim olunub və onların əsərlərinin “TEAS Press” nəşriyyat evi tərəfindən nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsədi ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etməkdir. Əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından ibarətdir.

Müəllif: Ayna.az