Çölçü İctimai Birliyində “Çağdaş Öztürkcə Dil Özəyi” yaradılır
Azərbaycan türkcəsinin çağdaş dünyanın anlayışlarını öz söz imkanları ilə ifadə edə bilməsi üçün yeni ictimai təşəbbüs başlayır. Çölçü İctimai Birliyinin başqanı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Türk törə dəyərləri araşdırmaçısı, tanınmış yayımçı və media qurucusu Eltən Törəçi dilimizin durulaşması və çağdaşlaşması istiqamətində çalışan gəncləri bir araya gəlməyə çağırıb.
AYNA.AZ xəbər verir ki, təşəbbüs çərçivəsində Çölçü İctimai Birliyində “Çağdaş Öztürkcə Dil Özəyi” yaradılır. Məqsəd sosial şəbəkələrdə, özəlliklə "Facebook"da alınma sözlərə türk mənşəli qarşılıqlar axtaran, unudulmuş sözləri üzə çıxaran, əski qaynaqları araşdıran gəncləri sadəcə bir sosial media qrupunda deyil, davamlı çalışan yaradıcı və işgüzar bir çevrədə birləşdirməkdir.
Eltən Törəçi bildirir ki, əsas prinsip “Öncə öz sözümüzü öz qaynaqlarımızda axtaraq” olacaq: “Biri el dilindən söz tapır, biri əski yazıları araşdırır, digəri başqa türk ellərində yaşayan sözləri üzə çıxarır. Ancaq bu insanlar çox vaxt bir-birindən ayrı çalışırlar. Gəlin bir masa arxasına oturaq, bildiklərimizi birləşdirək və ortaya ciddi bir çalışma çıxaraq”.
Özəkdə Azərbaycanın bölgə ağızları, el dili, əski yazılı qaynaqlar, dastanlar, nağıllar, deyimlər, Orxon-Yenisey yazıları və tarixi türk dilləri ilə yanaşı, çağdaş türk xalqlarının söz xəzinəsi də müqayisəli şəkildə araşdırılacaq. Bir türk elində unudulan, ancaq digərində yaşayan sözlərin tapılması bu işin əsas istiqamətlərindən biri olacaq.
Törəçi vurğulayıb ki, məqsəd özbaşına söz uydurmaq və ya alınma sözləri zorla dildən çıxarmaq deyil: “Hər söz qaynağına, anlamına, işləkliyinə, dilə yatımlılığına, səs uyumuna və elin onu mənimsəmə gücünə görə sınanacaq. Öz qaynaqlarımızda uyğun qarşılıq tapa bilməsək, yalnız bundan sonra dilimizin söz yaratma yollarına üz tutacağıq".
Toplanan materialların gələcəkdə “Çağdaş Öztürkcə” adlı sözlük və araşdırma kitabında sistemləşdirilməsi nəzərdə tutulur. Layihənin növbəti hədəfi həmin çalışmanı Azərbaycanla yanaşı Türk dünyasındakı universitetlərin türkologiya, filologiya və dilçilik bölümlərinə, elmi institutlara araşdırma və müzakirə üçün təqdim etməkdir.
Törəçi təşəbbüsün yalnız peşəkar dilçilərə deyil, türkoloqlara, tələbələrə, tarixçi və folklorçulara, bölgə ağızlarını bilənlərə, başqa türk dillərində danışanlara, arxiv araşdırıcılarına, proqramçılara və dil üçün çalışmağa hazır bütün gənclərə açıq olduğunu bildirib.
“Dil yalnız keçmişdən bizə qalan yadigar deyil. Dil gələcəyə qoyduğumuz yatırımdır. Öz dilimizdə düşünmək istəyiriksə, çağdaş dünyanın sözünü də öz dilimizdə deyə bilməliyik”, – deyə Eltən Törəçi çağırışında bildirib.