Turizmin milli versiyası: oteldə yaşanan dəhşət - FOTO

Cəmiyyət

24.06.2024 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Siçanlarla dolu otaq, bütün ziyarətçiləri “xatırlayan” tualet və...

Azərbaycanda turizmin inkişafının özünəməxsus özəllikləri var. Ehtimal ki, bölgələrdəki bir çox mehmanxana, restoran və əyləncə mərkəzləri Dövlət Turizm Agentliyinin (DTA) onlara qarşı durmağa cəsarət etmədiyi şəxslərə məxsusdur. Bu sahədə mövcud vəziyyəti başqa cür izah etmək mümkün deyil. Və bu, yumşaq desək, dəhşətlidir. Şəxsən mən Astaraya səfər edəndə buna əmin oldum.

Ailəmlə birlikdə “Shindan Hotel Astara”da qaldıq. Otelin saytında onun 2004-cü ildə açıldığı bildirilir. Yəni bu il otelin yubileyidir. Qeyd edim ki, iyirmi illik təcrübəsi olan bir otel üçün bina çox köhnəlmiş və bərbad görünür. Və hələ öz saytındakı xəbərə görə, 2022-ci ildə otel rebrendinqdən keçib və nəticədə “müasir standartlara uyğun səviyyədə” təkrar istifadəyə verilib.

Reallıqda minimum standartlara da yaxın heç nə yoxdur. Gəlin ondan başlayaq ki, gecəsi 140 manat olan otaqda sadəcə olaraq bol siçan qoxusu var. Aydındır ki, bu barədə yalnız otağa köçəndən sonra xəbər tutacaqsınız. Siçanlar, əlbəttə ki, otaqda sakitcə qaçır, deşiklərin və çatların altından gizlicə şkaflara girir. Çarpayıda çarşab və yorğan üzərində şütüyən qarışqalar özlərini eyni şəkildə rahat hiss edir.

Yeri gəlmişkən, “müasir standartlara uyğun səviyyədə” fəaliyyət göstərən otelin çarpayılarındakı döşəküzləri dəfələrlə tikilib və “restavrasiyaya” məruz qalıb.

Səhər bütün bunları otel administratoruna bildirəndə o, heç bir bəhanə gətirmədi. Gələcəkdə bu nöqsanları aradan qaldıracağına söz verdi. Təsəvvür edə bilmirəm ki, ağlı başında olan başqa kim siçan və qarışqalarla dolu bu oteli yenidən ziyarət etmək istəyər. Üstəlik, otaqlara isti suyun verilməsində böyük problem yaranıb, döşəmənin plintusları çoxdan oranı tərk edib.

Bəli, qiymətə qapalı hovuzdan istifadə daxildir. Amma oradakı su sadəcə soyuq deyil, buzludur. Deyəsən orada sauna var, amma o da çoxdan fəaliyyət göstərmir. Hovuzun yerləşdiyi binadakı tualet isə bəlkə də, bu yerə ilk gələnlərdən tutmuş bütün ziyarətlərin izlərini saxlayır. Otelin rebrendinqi, məlum oldu ki, tualetə çatmayıb.

Səhər yeməyinə gəlincə, bu da qiymətə daxildir, otellə üzbəüz ayrıca binada verilir. Dərhal deməliyəm ki, yeməklərin seçimi çox məhduddur.

Bir sözlə, hər şey yüksək səslə qışqırır ki, bu oteldə xidmət göstərmək hüququ mütləq yoxlanılmalıdır. Otellərin ulduz statusu Azərbaycanda qüvvədə olan təsnifata uyğun olaraq qiymətləndirilir.

Burada xatırlatmaq yerinə düşər ki, “Turizm haqqında” Qanunun 9.1-ci maddəsinə, habelə DTA kollegiyasının 2 may 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi meyarları”na uyğun olaraq ölkədə milli ulduz təsnifatı yaradılıb. Ulduz kateqoriyasının verilməsi çərçivəsində sertifikatlaşdırma Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycan Respublikasının Otellər Assosiasiyası ilə birgə həyata keçirilir. Onlar göstərilən xidmətlərin keyfiyyəti üçün otelləri mütəmadi olaraq yoxlamalıdırlar. “Shindan Hotel Astara”da gördüklərimə görə, orada çoxdan yoxlama aparılmayıb.

Bəs yoxlamalara başlamaq üçün səbəb nə ola bilər? Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Lənkəran Regional Turizm İdarəsindən mənə bildirdilər ki, mehmanxanalarda yoxlamaların keçirilməsinə səbəb vətəndaşların narazılıq səbəbinin konkret göstərilməklə rəsmi müraciəti ola bilər. Daha sonra isə Dövlət Turizm Agentliyi rayon turizm şöbəsinə məktub göndərir, həmin şöbə isə müraciəti müvafiq struktura yönləndirir. Məsələn, sanitar-epidemiologiya idarəsinə.

Ümumiyyətlə, burada kifayət qədər kağız-kuğuz işini təmin etmək olar, lakin bu, çətin ki, boşluqları aradan qaldırmağa kömək etsin. Xüsusən də, əgər otel “Şindan Hotel Astara”da olduğu kimi, obyekt Sədərəkdəki bazardan başlayaraq bütün ölkədə obyektləri olan çox məşhur bir iş adamına məxsusdursa. DTA rəhbərliyi çox güman ki, ona qəzəbli qonağın şikayətini göndərməməyə üstünlük verəcək.

Mən bu otelin indiki vəziyyətinə əsaslanaraq belə məntiqi nəticəni çıxarıram. Siçan və qarışqaların olduğu otaqlarda qalanların heç birinin buna qəzəblənməməsi ehtimalı azdır. Amma gördüyümüz kimi, bu oteldə bu cür ənənə hələ də mövcuddur. Bu, o deməkdir ki, Dövlət Turizm Agentliyi, Lənkəran Regional Turizm İdarəsi, Mehmanxana Assosiasiyası sadəcə olaraq düzgün işləmir. Üstəlik, yalnız göstərilən otel vəziyyətində deyil. Astarada bir çox otellərdə oxşar “xidmət” səviyyəsi var.

Müəllif: Əkbər Həsənov