TÜLƏY ERMƏNİ

Mədəniyyət

09.05.2026 - 18:36

(Hekayə)

Qırx gün idi ki, Vətən müharibəsi gedirdi. Ordumuz böyük inamla irəliləyirdi. Torpaqlarımızı erməni vandallarından azad etdikcə inamımız daha da artırdı. Ermənilər müharibəni uduzduqlarını anladıqca daha da vəhşiləşir, dirəniş göstərirdilər. Amma onlar görürdülər ki, daş-qayaya rast gəlib, qarşımızda duruş gətirə bilməyəcəklər. Çünki bu, otuz ildə yığılan nifrətin nəticəsi idi.

Həm də bütövlükdə xalqımız əlindən gələn köməklikləri edirdi ki, biz yalnız irəli gedək. Hər bir kəndin, yüksəkliyin, rayon mərkəzinin alınmasını xalqımız bayram edirdi. Bu da bizi daha çox ruhlandırırdı. Ermənilər əvvəllər elə fikirləşirdilər ki, bizim ordumuz çox zəifdir və bir neçə günə Bakıya gələcək, bayraqlarını burada sancacaqlar. İndi isə yanıldıqlarını dərk etdikcə, daha böyük vahimədəydilər.

Ermənilər arasında fərarilik çox olduğundan məcbur qalıb başqa ölkələrdən muzdlu döyüşçülər gətirmişdilər. Onlar bu yerləri yaxşı tanımadıqlarından və ordumuzun gücündən çaşıb qalmışdılar. Bir neçə xarici ölkənin ermənilərə verdiyi milyardlarla pullar, döyüş texnikaları da karına gəlmirdi. Onlar eşidəndə ki, bizdə bir nəfər belə, fərari yoxdur, daha çox qorxuya düşürdülər...

Azad etdiyimiz yerlərdə ermənilərin daşı daş üstündə belə qoymadığını, geri çəkildikcə hər yeri partlatdığını görən əsgərlərimiz amansız olur, daha əzmkar vuruşurdular.

Mənim rəhbərlik etdiyim 120 çaplı minaatan batareyaya tapşırıq verilmişdi ki, Şuşaya girəcək Xüsusi Təyinatlı Qüvvələri arxadan qoruyaq və şəhərə daxil olmalarına lazım olan köməkliyi edək. Həmçinin döyüşçülərimizin qarşısında yerləşən möhkəm istehkamları dağıdaq. Bizim batareyanın digər artilleriya növlərindən fərqi o idi ki, düşmənin görünən-görünməyən hədəflərini vura bilirdik. Biz bu gün aldığımız yerdə möhkəmlənməliydik. Bura ən əlverişli strateji mövqe idi. Düşmən ordusunu buradan asanlıqla məhv edə bilərdik. Bizə ən geci sabaha kimi əlavə qüvvələr də gələcəkdi.

İki gün idi ki, bu mövqe uğrunda vuruşurduq və bir tikə çörək yeməyə imkan olmamışdı. Əsgərlər oturub çörək yeyirdilər. Payızın sonları olmasına baxmayaraq, günəşli hava idi. Döyüşdüyümüz bu iki gün ərzində sanki həmişə günəş bizimlə idi. Elə bil, Ulu Tanrı da bu qələbəmizə görə bizə gözəl şərait yaratmışdı.

Hiss edirdik ki, torpaq da, təbiət də bura gəlişimizdən sevinir. Ağaclarda payız meyvələri bol idi. Ermənilərə bu meyvələri yığmağa belə, imkan verməmişdik. Əsgərlər sevinclə ağaclardan meyvə dərir, yeyir, ucadan deyirdilər:

- Vətənin meyvəsi gör necə dadlıdır. Sənə qurban olum, Vətən. Deməli, bizimçün çox darıxmışdın...

Bu sözləri deyən əsgərlərin özləri kövrəldiklərinə görə mən də kövrəldim. Axı mən də qarabağlı idim. Uşaq yaşlarımdan Bakıya qaçqın kimi getmişdik. Elə həmin vaxtdan hərbçi olacağıma, torpaqlarımızı azad edəcəyimə söz vermişdim. Bakıda hərbi məktəbi bitirdikdən sonra Türkiyədə Hərbi Akademiyanı qurtarmışdım. Həm də qaydasız döyüşlər üzrə peşəkar idmançı idim. Bir neçə xarici ölkədə keçirilən yarışlardan Vətənə çempion kimi qayıtmışdım. Qısa müddət ərzində hərbi sahədə qazandığım uğurlara görə belə böyük bir batareyanın komandiri olmuşdum.

Bu vaxt birdən-birə başımıza güllələr yağış kimi yağmağa başladı. Biz bunu gözləmirdik. Bircə onu deyə bildim:

- Hamınız yerə yatın! Çalışın ağacların arxasında gizlənin ki, güllələrdən qorunasınız!

Özüm isə çiynimi söykədiyim uçuq evin sınıq pəncərəsindən içəri atıldım. Yanımda olan iki əsgərə də ora keçmələrini əmr etdim. Onlar da tez içəri atıldılar. Ev qaranlıq idi. Sırınmamın cibindən fənəri çıxarıb yandırdım. Küncdə bir qoca kişinin oturduğunu gördüm. Tez tapançamı çıxarıb göyə güllə atdım. Azərbaycan və rusca dedim:

- Tərpənmə! Əllər yuxarı!

Qoca kişi bizim evə girməyimizi hiss etməmişdi. Çünki qulaqlarında aparat vardı, əlində tutduğu iyirmi-otuz santimetr uzunluğunda cihazda əl hərəkətləri ilə nəsə edirdi. Mən yenə onun başı üzərindən güllə atıb dedim:

- Əllər yuxarı!

O, qorxa-qorxa, ayağa qalxdı, qulağındakı aparatları çıxardı, əlindəki cihazı tez yerə qoydu. Bir neçə addım bizə tərəf gəldi, yanıqlı-yanıqlı ağlamağa başladı. Təmiz Azərbaycan dilində dedi:

- Şükür, gəldiniz. Gör sizi neçə illərdir gözləyirik. Bu saqqallılar, sizin dillə desək, daşnak sürüsündən, nəhayət, canımızı qurtardınız. Allah bizim yalvarışlarımızı eşitdi, sizi yetirdi.

O, dizlərini yerə qoyub dizin-dizin mənə tərəf sürünməyə başladı.

-Qabağa gəlmə! - deyə əmr etdim.

- Matax… Mənim sənin kimi uca boylu, yaraşıqlı bir oğlum vardı. Gavurlar onu, arvadımı gözümün qarşısında güllələdilər...

Sonra əllərini yerə vurub daha da ucadan ağladı.

- Sən ermənisən?

- Erməniyəm deyəndə ki, biz qarabağlılar erməni deyilik ha… Biz albanlarıq. Sovet vaxtı sizinkilər bizə yiyə durmadılar, gavurlar da bizi erməni yazdılar. Mən də dedim ki, adımı, soyadımı belə yazın: İmamverdi Artunyants.

- Sən qarabağlısan?

- Xalis qarabağlıyam. Bütün nəslim burada doğulub. Sizin dili də yaxşı bilirəm. Çoxlu azərbaycanlı kirvəm olub.

- Pasportunu ver baxaq.

- Pasportum yoxdur. Ermənilər alıb yandırdılar.

Mən qoca erməni ilə söhbət etməyə başlayandan sonra artıq güllə atmırdılar. Açığı, bu hal məni şübhələndirdi.

- Qocanın əllərini bağlayın, - deyə əsgərlərə əmr etdim.

- Yalvarıram, əllərimi bağlamayın. Mən yəqin ki, sənin atan yaşındayam. Məgər öz atanın əllərini bağlayardın?

- Mənim atamı sizin erməni faşistləri Birinci Qarabağ müharibəsində öldürüblər. Mən şəhid oğluyam.

- Bağışla, matax. Allah rəhmət eləsin.

Gözüm stolun üstündəki cihaza sataşdı. Həmin cihaza yaxınlaşdım.

- Bu, nə cihazdır, qoca?

- Bu cihazla mən əllərimi, barmaqlarımı hərəkət etdirirəm. Əllərim, barmaqlarım tutulmuşdu. Bunu İngiltərədən qohumlarım mənə göndəriblər.

Aparata diqqətlə baxdım. Yadıma düşdü ki, belə bir aparatı Türkiyədə Hərbi Akademiyada oxuyanda görmüşdüm. NATO qoşunlarından bir zabit onu bizə göstərmiş və demişdi:

- Bu, GPS aparatlarından biridir.

- Sən bununla əllərini, barmaqlarını məşq etdirirsən?

- Hə. Allah haqqı, elədir.

- Yalan deyirsən!

- Oğlumun goru haqqı, düz deyirəm.

Özümdən asılı olmayaraq onun boğazından yapışdım.

- Yalan desən, səni öz əllərimlə boğaram. Əsgər Şükürov, mərkəzlə əlaqə saxla. Bu aparatın nömrəsini onlara de. Görək bu aparat nə üçündür!

- Baş üstə, komandir, - deyə yanımda olan batareyanın radisti dərhal mərkəzlə əlaqə saxladı, aparatın nömrəsini, formasını, ona qoşulan qulaqcıqlar barədə məlumat verdi.

Qocanın əynindəki bahalı palto da ilk dəqiqədən diqqətimi çəkmişdi. Çünki həqiqətən də çox bahalı idi.

- Deyirsən ki, sən bu kənddənsən?

- Hə. Məzhəb haqqı, buralıyam. Bütün nəslim də buradandır. Özüm də çox kasıb adamam.

- Kasıb adamın belə bahalı paltosu haradandır?

- Keçən il bura bir milyoner ingilis gəlmişdi. Çəkdiyim tut arağından, konyakdan, çaxırdan ona verdim, o da mənə bunu bağışladı.

- Onun qolunu açın, bu paltonu əynindən çıxarın, - deyə əsgərlərə tapşırıq verdim.

- Oğlum, qurban olum sənə. Mənə çox soyuqdur. Nə olar, çıxarmayın əynimdən, - deyə o, yenə də hönkür-hönkür ağladı.

Artıq əsgərlər çox bahalı dəridən hazırlanmış, içi qoyun yunundan olan paltonu onun əynindən çıxarmışdılar. Paltonun içini çevirəndə orada iyirmidən çox qırmızı, iri düyməyə oxşayan qurğu gördüm. Onlar yanıb-sönürdülər.

- Bunlar nədir, ay qoca?

- Paltonun içində qızdırıcı cihazlar var. Onlar paltonu isidir, mənə soyuq olmur.

- Bu paltonun da məlumatını mərkəzə ver, Ziyafət.

- Oldu, komandir.

- Orada küncdə beş böyük çəllək var. İçlərində tut arağı, konyak, çaxırdır. Hamısının da neçə illik yaşı var. Gəlişiniz münasibətilə hamısını sizə verəcəyəm.

Bu vaxt mərkəzdən xəbər gəldi ki, həmin aparat son model GPS cihazıdır. Paltonun içindəki düyməciklər isə xüsusi cihazlardır. Onların vasitəsilə on kilometr uzaqlıqdan istənilən hədəfi silahla vurmaq mümkündür.

- Deməli, sən burada oturub, “daşnak” dediyin ermənilərin vasitəsilə bizi güllə-boran edirirdin, ay oğraş?!

Hirsimdən ona elə bir şillə vurdum ki, qoca tappıltı ilə yerə yıxıldı. Ağzından, burnundan qan axmağa başladı. Bu vaxt tapançanı onun başına dirədim.

- De görüm, sən kimsən?! Deməsən, başını dağıdacağam!

- Dedim axı, mən İmamverdi Artunyantsam.

- Yalan deyirsən, qoca köpək!

Onu təpiklə vurmağa başladım. Zərbələrdən qoca yerində qıvrılmağa başladı.

- Yalvarıram, məni öldürməyin. Düzünü deyəcəyəm...

Məlum oldu ki, bu qoca tülək erməni zabitidir. Adını, soyadını da dedi. Təcili olaraq korpus komandiri ilə əlaqə saxladım. Məlum oldu ki, o, Meşəlidə, Xocalıda, Ağdabanda törədilən qətliamlarda iştirak edib.

- Onu öldürməyin. Mən təcili ora gəlirəm, - deyə general mənə tapşırdı.

Atam Meşəlidəki qətliamda şəhid olmuşdu. Hirsimdən özümü saxlaya bilmədim, onun ayağına güllə vurdum. Qoca erməni daha ucadan qışqırdı.

- Onu bayıra çıxarın! - deyə əsgərlərə əmr etdim.

Qoca tüləyi sürüyə-sürüyə bayıra çıxartdılar. Xoşbəxtlikdən əsgərlərimdən yalnız bir neçəsi yüngül xəsarət almışdı. Beş əsgərə əmr verdim:

- Evə girin, yaxşı-yaxşı yoxlayın. Görək orada daha nə var.

İyirmi dəqiqədən sonra biri gəlib dedi:

- Komandir, zirzəmidə çoxlu silah-sursat, müxtəlif aparatlar, cihazlar var. Həm də əllidən artıq əsgərin güllələrdən qorunması üçün sığınacaq hazırlanıb.

- Bu erməni tulasını qoruyun ki, özünə xətər yetirməsin, - deyib tez evə girdim. Zirzəmiyə düşdüm.

Yuxarıdan yosma daxmaya oxşayan bu yerin zirzəmisi olduqca geniş idi. Burada çoxlu müasir hərbi aparatlar vardı.

- Deməli, iki gün idi ki, bu mövqeni götürə bilməməyimizin səbəbi də məhz bu olub, - deyə fikirləşdim.

İstədim bu aparatların hamısını sındırmağı əsgərlərə əmr edim. Elə bu vaxt bir əsgər gəlib dedi:

- Cənab komandir, general gəldi.

Bayıra çıxıb indiyə qədər baş verənlər haqqında generala məlumat verdim. Sonra onunla birlikdə zirzəmiyə girdik. General əmr etdi:

- Bu aparatların hamısını ermənilərin olduğu tərəfə çevirin. Paltonun içini də aparatlara yaxın tutun.

Aparatları düşmənin mövqelərinə tərəf çevirdik. İndi biz erməniləri aydın görürdük. Yemək yeyir, içir, kef edirdilər.

- Onları atəşə tutun! - deyə general əmr verdi.

Onları güclü atəşə tutduq. Bağırtıları eşidilir, güllələrimizin altında necə məhv olduqlarını aydın görürdük.

Generalın tapşırığı ilə Hərbi Tribunaldan gəlib qoca tüləyi apardılar. Çünki onda çoxlu məlumatlar vardı. Cəzasını Hərbi Tribunal verəcəkdi.

Həmin günün səhəri əsgərlərimiz sıldırım qayalarla Şuşaya doğru irəlilədilər. Üç gün sonra cəsur döyüşçülərimiz üçrəngli bayrağımızı qeyrət qalamız olan Şuşada ucaltdılar. Tüləy erməni isə, özü də bilmədən, fikirləşmədən qələbəmizi tezləşdirmişdi…

Həm Şuşanın azad olunması, həm də bu Vətən müharibəsində vandalların məhv edilməsi ilə gavurlardan şəhidlərimizin qisasını  aldıq. Bununla da 44 günlük Zəfərimizi dünya hərb tarixinə qızıl hərflərlə yazdıq.

AĞALAR İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş