Tramp Ukraynaya “Starlink”in verilməsini dəstəkləməyib

Dünya

21.08.2026 - 13:34

ABŞ Prezidenti Rusiya dərinliklərinə uzun mənzilli zərbələr üçün “Starlink” peyk interneti təmin etmək ideyasını rədd edib

ABŞ Prezidenti Donald Tramp Rusiya dərinliklərinə uzun mənzilli zərbələr üçün Ukraynaya “Starlink” peyk interneti təmin etmək ideyasını rədd edib. AYNA.AZ xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Financial Times” (FT) qəzetinə bildiriblər.

Onların sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun sonlarında Ağ Evdə Trampla görüşündə bu məsələni qaldırıb. Xüsusilə, o, Amerika liderindən “SpaceX”in sahibi İlon Maskla Ukrayna dronlarının Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün peyk internetindən istifadə etməsinə icazə verilməsi barədə danışmasını istəyib. Müzakirə Ukrayna sərhədlərindən 200 km-ə qədər ballistik raket buraxılış infrastrukturuna hücum ehtimalına yönəlib.

FT mənbələri qeyd edir ki, Tramp bu məsələ ilə bağlı heç bir öhdəlik götürməyib. Onlar əlavə ediblər ki, Maskın da Kiyevin tələbini qəbul etməsi ehtimalı azdır. Milyarder əvvəllər nüvə eskalasiyası ilə bağlı narahatlıqlar səbəbindən Ukraynanın “Starlink”dən Rusiyanın dərinliklərinə zərbələr endirməsinin qarşısını almışdı. Kiyev hücum məsafəsinin məhdudlaşdırılmasının onun fikrini dəyişə biləcəyinə inanır.

FT qeyd edir ki, peyk interneti ilə təchiz olunmuş dronlardan istifadə etməklə Ukrayna Rusiya hərbi hədəflərini daha dəqiq vura və “Patriot” hava hücumundan müdafiə sistemi üçün tutucuların çatışmazlığı səbəbindən problemə çevrilən raket hücumlarının sayını azalda bilər.

Mənbələr əvvəllər “The Atlantic”ə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün “Starlink”dən istifadə etmək istəyir. Onların sözlərinə görə, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bu məsələ ilə bağlı Maska müraciət edib və bu ilin əvvəlində Fedorov milyarderlə Rusiya ordusu üçün “Starlink”i bloklamaq barədə razılığa gəlib. Lakin “The Atlantic”in mənbələri bildiriblər ki, Mask Kiyevlə Moskva arasında sülh sazişinin vacibliyində israr edir. Milyarder əvvəllər “The Economist”ə verdiyi müsahibədə Rusiyanın qoşunlarını Ukraynadan çıxarmayacağını və müharibənin yalnız Moskvaya güzəşt etməklə dayandırıla biləcəyini bildirmişdi.

Bu arada, "Patriot" raketlərinin çatışmazlığı Ukraynanı Rusiyanın ballistik raket zərbələrinə qarşı demək olar ki, müdafiəsiz qoyub. Bu fonda Kiyev Rusiya ordusu tərəfindən buraxılan raketlərin sayı barədə məlumatların dərcini dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş