Timoşenko Ukrayna Təhlükəsizlik Şurasını iclas keçirməyə çağırıb

Dünya

27.10.2021 - 14:46

Xanım siyasətçi Ukraynada COVID-19-la bağlı vəziyyətin kritik olduğunu, tədbirlər görülmədiyini iddia edib

Ukraynanın keçmiş Baş naziri - “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko koronavirusla bağlı vəziyyət fonunda dərman və oksigen çatışmazlığı səbəbindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclas çağırmalı olduğunu bəyan edib.

AYNA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Timoşenkonun sözlərinə görə, ölkədə elə bir vəziyyət yaranıb ki, piar şousu və hay-küyə yer qalmayıb.

Xanım siyasətçi xatırladıb ki, bir neçə gün əvvəl Ukrayna COVID-19-dan ölüm sayına görə dünyada üçüncü, Avropada isə birinci olub: “Milli Təhlükəsizlik və Müdafiə Şurası bu vəziyyətə qarışmalı, insanların köməksiz, pulsuz müayinələrdən məhrum olduğunu görməlidir”.

Timoşenko qeyd edib ki, respublikada ayrı-ayrı xəstəxanalarda həkimlərin əməkhaqqı, eləcə də müntəzəm olaraq dərman, oksigen və dərman preparatları ilə təminat borcları məsələsi hələ də həll edilməyib. Eyni zamanda, keçmiş baş nazir pandemiyanın dördüncü dalğasının aradan qaldırılması ilə bağlı MŞDK-ya hələlik heç bir konkret təkliflə çıxış etməyib.

Qeyd edək ki, oktyabrın 25-də Ukraynada COVID-19-dan gündəlik ölümlə bağlı yeni antirekord qeydə alınıb. Bir gündə 734 nəfər koronavirusdan dünyasını dəyişib. Bir həftə ərzində virusdan ölüm 36 faiz artıb və artmaqda davam edir.

Ümumilikdə, pandemiyanın başlanğıcından bəri ölkədə koronavirusa 2,9 milyondan çox yoluxma qeydə alınıb, 70 minə yaxın insan vəfat edib.

Müəllif: Ayna.az