Təxminlərim doğru çıxdı...

Dünya

29.12.2020 - 18:53

2020-nin acıları və ümidlərimiz
 
Düz 1 il əvvəl bu gün çinli göz həkimi Li Wenliang Vuhan xəstəxanasında SARS-a bənzər xəstələrin kəskin artması səbəbilə həyəcan təbili çaldı. Ertəsi gün ayın 30-da sosial mediadan Dünyaya səslənərək vəziyyətin kritik olduğunu yazdı.
 
Eyni gün axşam internətdə təsadüfən qarşıma çıxan bir xəbərdə çinli bir həkimin hansısa yeni bir xəstəlik haqda danışdığı üçün polis tərəfindən təqiblərə məruz qalaraq susdurulduğunu oxudum. “Dalağım sancdı”, içimdəki bir hiss nəsə xoşagəlməz olaylar olacağını xəbər verirdi. Dörd gün sonra - 3 yanvar 2020-ci ildə “İnternetdə xalqı təhrik” ittihamı ilə Li Wenliangı həbs etdilər.
 
O gün axşam bloknotuma belə bir qeyd yazdım: “Li Wenliang, yeni, təhlükəli SARS”. Dünyanın “Korona virusu” sözünü eşidəcəyinə hələ bir neçə həftə qalırdı...
 
Qısa müddət sonra naməlum epidemiya sürətlə yayılmağa başladı və Li Wenliang azad edilərək xəstəxanadakı işinə geri göndərildi – həkimlər çatışmırdı. Fevralın 7-də isə koronadan həyatını itirdi. Li Wenliang və onun qəfil ölümündən sonra anladım ki, vəziyyət həqiqətən də ciddidir. Bu hadisədən 1 ay sonra virus Türkiyəyə çatdı, hər yer qapandı, qismi karantin elan edildi.
 
Fevral ayından bu günə qədər keçən 10 ay ərzində korona ilə bağlı 7 məqalə yazdım, saysız hesabsız araşdırma, tibbi çalışma ilə tanış oldum, sosial mediada 100-dən çox post və tvit paylaşdım.
 
Pandemiaynın II dalğasında mən çox əziz bir insanı – sirdaşım, nəhəng bir adamı itirdim koronadan, sonra Dünya gözəli bir tələbəlik yoldaşım tərk etdi bizi, şəxsən və qiyabən tanıdığım onlarla insanın həyatı acı içində boğularaq sona çatdı, çox sayda tanışım, yaxınım isə koronanın caynağından zorla qurtuldular.
 
Pandemiyanın bütün ağır yükü isə II Qarabağ müharibəsində şəhid xəbərlərilə daha da ağırlaşdı. Təsəllini işğaldan azad edilmiş tarixi torpaqlaırımızı azad etməkdə axtarırıq həftələrdir. Bu ilin ən gözəl xatirəsi Ordumuz yazdığı qəhrəmanlıq dastanı olacaq. Allahdan şəhidlərimizə rəhmət, qəhrəman qazilərimizə isə şəfalar diləyirəm.
 
2020 bitmək üzrədir, ancaq pandemiyanın sonu təəssüf ki, hələ görünmür. Qarşıda çətin peyvəndlənmə dövrü var. Dünyanın normala, həm də yeni normala dönməsi üçün (çünki əvvəlki Dünya və əvvəlki həyat tərzi artıq heç vaxt olmayacaq) hər ölkənin ən az 60 faizinin peyvənd olması lazımdır. Bizim kimi ölkələrdə bu rəqəmə çatmaq, doğrusu bir qədər çətin və imkansız görünür. Elə ümumən Dünya üzrə də peyvəndlə bağlı bariz bir qorxu və ümidsizlik hökm sürməkdədir.
 
Şəxsən növbə gələn kimi ilk peyvənd olanlardan biri özüm olacam, həm də tərəddüdsüz. Qərarımı isə hələ mart ayında vermişdim. Mart ayında (qeyri-təvazökarlığa görə üzr istəyirəm) nə yazmış, nə təxmində bulunmuşdumsa hamısı doğru çıxdı. Hətta peyvəndlə bağlı irəli sürdüyüm ehtimallarım da. Və mən mart ayında öz-özümə dedim ki, “Elmə güvənən insan hər zaman haqlıdır”.
 
Sizi də Elmə güvənməyə, peyvənd olmağa səsləyir, bu çətin ilin bütün ağrı-acılarını 2020-də buraxmağı arzu edərək, 2021-də sağlam və firafan, Qarabağlı bəxtəvər həyat diləyirəm…
Foto: 33 yaşında həyatını itirən qorxmaz, idealist Li Wenliang
Müəllif: İbrahim Nəbioğlu