Təhsil Nazirliyi vətəndaş müraciətlərinin sayını açıqlayıb

Xəbərlər

21.10.2021 - 14:16

“Vətəndaş müraciətləri” elektron xidmətinə 12 mindən çox müraciət daxil olub

Son 5 ay ərzində Təhsil Nazirliyi və tabe qurumlarına “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsilə 12 min 253 müraciət daxil olub. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 12 min 74-ü artıq cavablandırılıb, 179 müraciət isə baxılma mərhələsindədir. Göndərilən müraciətlərin tətbiq olunan sistem vasitəsilə qısa zaman çərçivəsində Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönləndirilməklə cavablandırılması təmin olunur. Nəticədə portal.edu.az platforması vasitəsilə daxil olmuş yazılı elektron müraciətin orta icra müddəti yazılı kağız üzərində edilmiş müraciətin orta icra müddətindən 3 dəfə qısaldılıb və müraciətlərin icra olunmasının müvəffəqiyyət göstəricisi artıb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə portal.edu.az platformasında yaradılan “Vətəndaş müraciətləri” xidməti artıq 5 aydır istifadəyə verilib.

Xidmət vətəndaş məmnuniyyətinin artırılması istiqamətində aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdırmaq məqsədi daşıyır. Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlara portal.edu.az platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.

Müəllif: Ayna.az