Şuşaya yeni avtomobil yolu çəkilir: Təməlqoyma mərasimi keçirilib

Xəbərlər

17.11.2020 - 13:21

İlham Əliyev: “Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var”

 

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa edilir. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

Bildirilib ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib

 

“Bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min km-dan çox avtomobil yolu çəkilib. Yollar da keyfiyyətlidir. Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var. Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir", - deyə Prezident mərasimdə bildirib.

 

Müəllif: Ayna.az