Son vaxtlar Səhiyyə Nazirliyinin "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" adından qanunsuz istifadə halları qeydə alınıb
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi adından aparılan qanunsuz yoxlamalarla bağlı xəbərdarlıq edib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, son vaxtlar Səhiyyə Nazirliyinin "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" adından qanunsuz istifadə halları qeydə alınıb.
Qeyd olunub ki, mərkəzin adından çıxış edən bəzi şəxslər Bakıda, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən müxtəlif müəssisələrə baş çəkir, guya qeyri-qənaətbəxş sanitar-epidemioloji vəziyyət barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, deratizasiya və digər xidmətlərin zəruriliyini bildirir və imtina edildiyi təqdirdə inzibati cəzaların tətbiq olunacağı barədə xəbərdarlıq edirlər.
Bildirilib ki, mövcud Azərbaycan qanunvericiliyinə uyğun olaraq, dövlət sanitariya-epidemioloji nəzarətinin bir hissəsi kimi yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada aparılır. Vəzifəli şəxslər xidməti şəxsiyyət vəsiqələrini təqdim etməli və sahibkarlıq subyektinə yoxlama qərarının surətini və yoxlamanın Sahibkarlıq Sahəsində Yoxlamaların Vahid Məlumat Reyestrində qeydiyyatını təsdiq edən çıxarışı təqdim etməlidirlər.
Qeyd olunub ki, rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və yalnız müvafiq qanuni əsaslar olduqda aparılır.
“Mərkəz adından hər hansı kommersiya xidməti təklif etmək və ya hədə-qorxu ilə ödəniş tələb etmək qanunsuzdur. Vətəndaşlardan və sahibkarlıq subyektlərindən xahiş edirik ki, bu cür hallar barədə dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 nömrəli qaynar xəttinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəli qaynar xəttinə və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat versinlər”, - vurğulanıb.
Səhiyyə Nazirliyi bir daha vətəndaşları bu cür hallara qarşı ayıq və diqqətli olmağa, yalnız rəsmi dövlət qurumları tərəfindən verilən məlumatlara etibar etməyə çağırır.