"Dron birbaşa SBU rəhbərinin bu binadakı ofisinə yönəldilib"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi binasına zərbə endirdiyini bildirib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Zelenskinin sözlərinə görə, pilotsuz təyyarə təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsini icra edən Aleksandr Pokladın ofisinə dəyib zərbə endirib.
Medianın məlumatına görə, Poklad zərbə zamanı ofisində olmayıb. Rusiya hələlik zərbə ilə bağlı şərh verməyib. Hücum ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin yaxın günlərdə həm Moskvaya, həm də Kiyevə səfərlərinin planlaşdırıldığı barədə xəbərlər fonunda baş verib.
Ukrayna lideri “Telegram”da yazıb: "Mən direktoru Aleksandr Pokladla danışdım. Təəssüf ki, Rusiya pilotsuz təyyarəsi Kiyevdə, Volodimirska küçəsində, Müqəddəs Sofiya Katedralının qarşısında yerləşən SBU-nun qərargahına zərbə endirib".
Zelenski vurğulayıb ki, "dron birbaşa SBU rəhbərinin bu binadakı ofisinə yönəldilib".
Onun sözlərinə görə, o, SBU-nun müvəqqəti rəhbərinə bu hücuma "hər şey hazır olduqda" Rusiyaya "adekvat, hiss olunacaq dərəcədə və mümkünsə, güzgü kimi" cavab verməyi tapşırıb.