Nazir məktəblərdə ərəb dilinin öyrənilməsi üçün proqramı təsdiqləyib
Rusiya təhsil naziri Sergey Kravtsov 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək Rusiya məktəblərində ərəb dilinin öyrənilməsi üçün proqramı təsdiqləyib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə nazirliyin Mətbuat Xidməti Kravtsovla BƏƏ-nin təhsil naziri Sara bin Yusif Əl-Əmiri və BƏƏ-nin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əlcəbər arasında keçirilən işgüzar görüşdən sonra məlumat yayıb.
Görüşdə Moskva vilayətindəki Primakov Gimnaziyasında yerləşən Şeyx Fatimə bin Mübarək Təhsil Mərkəzinin fəaliyyəti müzakirə olunub. Bu təhsil müəssisəsi iki dövlət başçısının tapşırığı ilə yaradılıb və təxminən iki ildir fəaliyyət göstərir.
Kravtsov bildirib: "Biz ərəb dili olimpiadası keçiririk və yeni tədris ilinin 1 sentyabrından qüvvəyə minəcək Rusiya məktəblərində ərəb dilinin öyrənilməsi üçün proqram təsdiqlənib". Nazir həmçinin bildirib ki, Təhsil Nazirliyi rus xalq nağıllarını, Rusiya haqqında kitabı və rus yazıçılarının əsərlərini ərəb dilinə tərcümə edib.
Rus məktəblərində ərəb dilinin tətbiqi ilə bağlı qərar bir müddətdir ki, qəbul edilib. Hələ 2024-cü ilin oktyabr ayında Kravtsov ərəb dilinin Vahid Dövlət İmtahanına seçmə fənn kimi daxil ediləcəyini elan etmişdi. Eyni zamanda, “Rosobrnadzor” rəhbəri Anzor Muzayev qeyd etmişdi ki, Rusiya Çin dilinin tətbiqi zamanı olduğu kimi, federal təhsil standartı, dərsliklər və müəllimlər hazırlamalıdır.
Təhsil Nazirliyinin məlumatına görə, 2024-cü ildə artıq Rusiyanın beş universitetində - ən çox sayda Çeçenistan Dövlət Pedaqoji Universitetində, Dağıstan Dövlət Pedaqoji Universitetində və Başqırd Dövlət Pedaqoji Universitetində - 500-dən çox tələbə ərəb dili ilə əlaqəli ixtisaslar üzrə təhsil alır. Moskva Dövlət Linqvistik Universitetinin Tərcümə fakültəsinin dekanı Yekaterina Poxolkova Rusiyanın Ukraynaya hücumundan sonra baş verən "geosiyasi dəyişikliklər" səbəbindən ərəb dilinin "çin dilinə rəqib olacağını" - mütəxəssislərə tələbatın artıq təklifi üstələyəcəyini proqnozlaşdırmışdı.