ReAl sədrinə və üzvünə təzminat ödənilib

Xəbərlər

09.09.2020 - 11:32

İlqar Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat kompensasiya verilib

 

Ali Məhkəmənin Plenumunun qərarına əsasən, Respublikaçı Alternativ Partiyanın (ReAl) sədri İlqar Məmmədov və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərova verilməli olan təzminat ödənilib. AYNA bildirir ki, Ali Məhkəmə İlqar Məmmədova mənəvi təzminata görə 234 min manat, Rəsul Cəfərova isə 57 min 400 manat kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul edib. Artıq hər iki şəxsə kompensasiyası ödənilib.

 

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

 

İlqar Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

 

Ali Məhkəmənin Plenum qərarında ona bəraət verilib.

 

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.

 

R.Cəfərov Prezident İlham Əliyev 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.

Müəllif: Ayna.az