Dindirilən Elnur A. törətdiyi cinayətdə özünü günahkar bilməyib və ifadə verməkdən imtina edib
Polşa Milli Prokurorluğu Gürcüstan vətəndaşını rusiyalı ifaçı Semyon Skrepetskinin (əsl adı Robert Kuzovkov) qətlində ittiham edib. AYNA.AZ xəbər verir ki, bu barədə Polşa xəbər agentliyi “RMF24” məlumat yayıb.
Müstəntiqlərin fikrincə, tam adı açıqlanmayan şübhəli Kuzovkova odlu silahla beş dəfə atəş açıb.
Prokurorluq verdiyi açıqlamada bildirib ki, "şübhəli şəxs kimi dindirilən Elnur A. törətdiyi cinayətdə özünü günahkar bilməyib və ifadə verməkdən imtina edib". Məhkəməyə Elnur A.-nın üç ay müddətinə həbs olunması üçün vəsatət təqdim edilib.
Daha əvvəl Lublin polisi əsas şübhəlinin Varşava yaxınlığında antiterror bölmələri tərəfindən saxlanıldığını bildirib.
“Saxlanılan şəxs 36 yaşlı Gürcüstan vətəndaşının adına verilən pasportdan istifadə edib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 2021-ci ildən bəri Polşada yaşayan 44 yaşlı Rusiya vətəndaşı (əsl adı Robert Kuzovkov) Semyon Skrepetski iyunun 15-də Biala Podlaskadakı dayanacaqda beş güllə ilə öldürülüb. “The Insider”in məlumatına görə, qətldən bir müddət əvvəl sənətçi təhdidlər aldığını bildirib. Qətldən sonra Polşa polisi hər ikisi Belarus vətəndaşı olan iki şübhəlini saxlayıb. Müstəntiqlər onların cinayətdə iştirakına dair heç bir dəlil tapmayıblar; onlar şahid qismində dindirilib və sərbəst buraxılıblar.
Skrepetski satirik, siyasi və müharibə əleyhinə karikaturaları və Rusiya hökumətini tənqid edən, lağa qoyan tamaşaları ilə tanınırdı. O ən çox Rusiya Prezidenti Vladimir Putin və SSRİ lideri olmuş İosif Stalinin karikaturalarını yaradırdı. Əsərlərində və sosial media paylaşımlarında Skrepetski həmçinin Aleksandr Lukaşenkonu, Aleksey və Yuliya Navalnını, müharibə tərəfdarı rusları və ukraynalıları lağa qoyurdu.