Nazir yüksək rütbəli zabitlərin hərbi hissələrə göndərilməsini əmr edib
Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi hissələrdə gözlənilməz yoxlamalar aparmaq qərarına gəlib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, nazir bu barədə sosial mediada məlumat verib.
Papikyan yazıb: "Mən gözlənilməz yoxlamalar aparıram və gündəlik işlərdən tutmuş xidmətin təşkilinin bütün digər aspektlərinə qədər bütün məsələlərə diqqət yetirirəm".
Papikyan əvvəllər ordunun cinayətkar submədəniyyətə qarşı sistemli mübarizə apardığını açıqlayıb. Nazir qeyd edib ki, onun qərarı ilə zabit qrupları yerdə xidmət edən həmkarlarına dəstək olmaq və qoşunlar daxilində xidməti təşkil etmək üçün növbətçi hərbi hissələrə göndəriləcək.
Xatırladaq ki, 13 avqustda Ermənistanın Baş naziri Nikol Paşinyan orduda baş verən hadisələri və Silahlı Qüvvələrdəki ümumi vəziyyəti şərh edərkən bu sahəyə birbaşa cavabdeh olan strukturlarda kadr dəyişiklikləri elan edib. Bundan dərhal sonra Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Hazırlıq İdarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan işdən çıxarılıblar.