“Pandemiya yeni şedevrlər ortaya çıxaracaq”

Mədəniyyət

28.05.2020 - 23:02

Rejissor Cavid Təvəkkül: “Karantin müddətində insanlar bir-birilərinə daha çox bağlandılar”

 

Viruslar müxtəlif laboratoriyalarda elm adamlarının təcrübələrindən keçir və insanların bu viruslardan qorunması, müalicə olunması üçün müxtəlif araşdırmalar aparılır. Lakin bəşərin yeganə laboratoriyası elmi laboratoriyalar deyil. Bədəni sağlam qılmağa adanmış bu laboratoriyalarla yanaşı, ruhu sağlam qılmağa adanmış sənət laboratoriyaları da mövcuddur.

 

AYNA “Koronavirus pandemiyası sənət adamlarının gözü ilə” mövzusunda, pandemiyanın yaradıcı şəxslərin yaradıcılıq laboratoriyasında necə dəyərləndirildiyinə dair silsilə yazılara start verir. Bu mövzuda ilk müsahibimiz tanınmış rejissor Cavid Təvəkküldür.

 

Müsahibimiz qlobal problemin insanlar arasında böyük dilemma yaratdığını və pandemiyanın bir sıra həm mənfi, həm də müsbət cəhətlərinin olduğunu bildirir: “Pandemiyanın bütün dünyaya, bəşəriyyətə həm zərəri dəydi, həm də xeyri. Xeyri odur ki, təbiət asta-asta özünə qayıdır, ekologiyaya böyük faydası dəydi. İnsanlara da faydası o oldu ki, insanlar öz varlıqlarını, nəyə xidmət etdiklərini anladılar, nələrinsə qədrini bilməyə başladılar. Evdə oturan insanlar poeziya kimi böyük bir varlığın nə olduğunu dərk etdilər və ona ehtiyac duydular. Karantin rejimi dövründə sosial şəbəkələrdə silsilə şeirlərin qiraət olunması, hamının bu trendə qoşulub şeirlər səsləndirməsi bunun isbatıdır. İnsanlar bildilər ki, poeziya var olmaq deməkdir”.

Haqsızlıqdan bezən rejissor İctimai Televiziyanın rəhbərliyinə ...

“Daha sonra, insanların bir-birilərinə kömək etməsi, yardımlaşmanın yarışmaya çevrilməsi müsbət hal oldu. Bununla yanaşı xəstəlik və ölümlər də virusun bəşərə vurduğu ziyandır. Bəzi insanlar psixoloji sarsıntılar keçirdilər, iqtisadi problemlər yaşadılar və s. Bu ərəfədə onu da müşahidə etdim ki, insanlar bir-birilərinə daha çox bağlandılar. İllərdir, eyni evdə yaşayan və bir-birinə yad olan adamlar pandemiya sayəsində bir-birilərinə bağlandılar”, - rejossor deyir.

 

O, bu barədə bir yazı yazdığını da qeyd edir: “Üç il evli olan bir cütlük bir-biri ilə yola getməyib, həmişə dalaşıblar. Amma pandemiya dövründə bir-birini yenidən sevməyə başlayıblar və elə oğlan evli ola-ola yenidən xanımına evlilik təklif edir. İronik komediya janrında maraqlı bir materialdır. Bu cür hallar sevindiricidir. Onu da düşünürəm ki, tənha və yaşlı bir adam evdən çölə çıxa bilmir, heç kəslə ünsiyyət qura bilmir və bunu düşünəndə adam narahatlıq keçirir”.

 

C.Təvəkkül karantin günlərində tənhalıq haqqında daha çox düşündüyünü vurğulayır: “Tənhalıq mövuzusu mənə çox maraqlıdır və tənha insanın haradan, necə bu vəziyyətə düşməsi barədə karantin günlərində daha çox düşünməyə başladım. Təbii ki, nə vaxtsa imkan düşsə, bunu səhnələşdirərəm. Bu karantin dövründə tənha insanlar çox gördüm. Təkcə fiziki deyil, ruhən də tənha olmaq çox çətindir, kədərlidir, əzablıdır. Bu, mənimçün olduqca maraqlıdır və bu mövzuda işləmək istəyirəm”.

 

“Ümumiyyətlə, pandemiya ilə mübarizə hələ də davam edir və mənə elə gəlir ki, uzun müddət də davam edəcək. Biz inandıq-inanmadıq, bir insan və bir vətəndaş olaraq borcumuz qaydalara əməl etməkdir. Bu qaydalar da inanıram ki, millətimizin genefondunu sağlam saxlamaq üçündür. Pandemiyanın yaradıcı insanlara həm xeyri, həm də ziyanı dəydi. Bunlar özünü bir müddət sonra göstərəcək. Amma karantindən sonra ortaya şedevr işlər çıxarmaq mümkün olmayacaq. Bu, zaman alacaq”, - rejissor əlavə edir.

Müəllif: Bünyamin