Yük gəmisi PUA hücumuna məruz qalıb: gəmi ciddi zədələr alıb
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd edib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.
Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.
Ekipajın 13 nəfərdən ibarət olduğu, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu vurğulanıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.