O'Braynın Bakıya gətirdiyi iki təklif: ABŞ rəsmisinin çantasında nələr vardı?

Aktual

07.12.2023 - 10:10

Mərkəz rəhbəri: “İndi O'Brayn Bakıda var gücü ilə çalışdı ki, Bakıdan bu iki məsələ ilə bağlı razılıq alsın”

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət katibinin köməkçisini qəbul edib. Görüşdə ABŞ dövlət katibinin köməkçisi ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.

Prezident İ.Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.

Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib.

Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışıb.

O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyini vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Xatırladaq ki, bir müddət əvvəl O'Brayn ABŞ Konqresində Azərbaycan əleyhinə bəyanatlar səsləndirmişdi. Bundan sonra rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlər gərginləşdi. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi, müzakirələr apardı. Danışıqlar zamanı dövlət katibi Prezidentdən O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmişdi. Azərbaycan lideri isə buna müsbət cavab vermişdi.

İndi O'Braynın Bakıya səfəri və görüşlərdə nələri müzakirə etdiyi, ölkəmizə hansı təkliflərlə gəldiyi maraq doğurur. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində maraqlı proseslər gedir:

- Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtonda görüşlər keçirdi. Dünən ABŞ dövlət katibinin müavini Ceyms O'Brayn Bakıya gəldi. Bununla yanaşı, dövlət katibinin müavininin köməkçisi Tiflisə səfər edib, gürcü rəsmilərlə görüşüb. Sanki Vaşinqton Cənubi Qafqazın üç dövləti ilə dialoqu genişləndirir. Amma bu dialoq ABŞ-a o zaman uğur gətirəcək ki, balansı pozmasın. Təəssüf ki, Vaşinqton Ermənistanın xeyrinə balansı pozub. Düzdür, ABŞ dövlət katibi zəng etdi, Prezident İlham Əliyevlə müzakirələr apardı, indi O'Brayn Bakıya gəldi, Prezidentlə görüşdü, müzakirələr apardı. Görünən odur ki, müəyyən yumşalma elementləri var. Amma biz açıqlamalara yox, addımlara diqqət etməliyik. Görək ki, bundan sonra ABŞ bölgə ilə bağlı hansı addımlar atacaq.

- Sizcə, Vaşinqtonun addımları nə olmalıdır?

- Biz gözləyirik ki, ABŞ bölgənin açar dövləti Azərbaycanla münasibətləri normallaşdırmalıdır. ABŞ Konqresində ermənipərəst dairələr Azərbaycan əleyhinə açıqlamalar verdilər. Təəssüf ki, eyni yanaşmanı Dövlət Departamentinin rəsmiləri də sərgilədilər. Hansı ki, bu, Azərbaycanla münasibətləri gərginləşdirdi. İndi Ermənistan bir qədər təxribatları artırmağa çalışır ki, Vaşinqtonla Bakı arasında münasibətlər daha da gərginləşsin. Məsələn, bu səfərlər fonunda Ermənistan tərəfi dezinformasiya yaydı ki, guya Azərbaycan Ordusu atəş açıb, nəticədə erməni əsgər ölüb. Bu dezinformasiya ilə İrəvan çalışır ki, ABŞ-dan Bakıya gələn rəsmilər bu məsələni qabartsınlar. Halbuki antiterror əməliyyatından sonra sərhəddə vəziyyət stabildir. Azərbaycana toqquşmalar lazım deyil, çünki biz problemi həll etmişik. Ona görə də ABŞ bu kimi məsələləri nəzərə almalıdır, Azərbaycana da, Ermənistana da balanslı yanaşmasını ortaya qoymalıdır.

- Azərbaycan Ermənistanın atəş açılması ilə bağlı iddiasını təkzib etdi, amma ATƏT rəsmisi Tovio Klaar sərhəddə gərginlikdən narahat olduğunu, məsələlərin danışıqlar masasında həll edilməsinin vacibliyini bildirib. Demək olarmı ki, Ermənistan bu təxribatı və dezinformasiyası ilə məqsədinə nail oldu?

- İrəvan beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətlərin rəsmilərini inandırmağa çalışır ki, Azərbaycan bölgədə gərginlikdə maraqlıdır. Bu, mənə Birinci Qarabağ müharibəsi zamanı baş verənləri xatırladır. 1990-cı illərin əvvəllərində Azərbaycan soyqırımı ilə, işğalla üzləşdi, insanlar yurd-yuvalarından qovuldular, amma Amerikada, Avropada ermənilərin dezinformasiyalarına inanırdılar. Elə “907-ci düzəliş” də belə qəbul edildi. O zaman da ikili standartlar mövcud idi, üstəlik, informasiya blokadasında idik. İndi o blokadanı pis-yaxşı yara bilmişik, amma yenə də müəyyən beynəlxalq dairələrdə erməniləri eşitmək istəyirlər. Biz həqiqətləri nə qədər ortaya qoysaq da, yenə də haqlı mövqeyimizə məhəl qoyulmur.

Hesab edirəm ki, diplomatik zəmində fəallığı artırmalıyıq. Düzdü, Bakıda, Qarabağda, Şərqi Zəngəzurda beynəlxalq konfranslar keçiririk. Lakin bu, yetərli deyil. Avropada, Amerikada da tədbirlər keçirməliyik, oradakı ictimai rəyə təsir göstərməliyik ki, haqlı tərəf Azərbaycandır.

- Sizcə, Bakıya gələn O'Braynın çantasında hansı təkliflər gətirib?

- ABŞ rəsmisi iki təkliflə gəlib. O'Braynın Konqresdəki məntiqsiz çıxışından sonra ABŞ iki məsələdə geri düşdü. ABŞ-ın milli və təhlükəsizlik maraqları Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma O'Brayn çıxışından sonra rəsmi Bakı Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçılarının görüşündən imtina etdi. İkinci addım isə Bakının ümumiyyətlə, Vaşinqtonun sülh danışıqları ilə bağlı vasitəçiliyindən imtina oldu. İndi O'Brayn Bakıda var gücü ilə çalışdı ki, Bakıdan bu iki məsələ ilə bağlı razılıq alsın.

-Rəsmi Bakı buna müsbət yanaşacaqmı?

- Vaşinqton əgər Bakı ilə əməkdaşlıq formatına qayıtsa, “907-ci düzəliş”i yenidən dondursa, o zaman biz görəcəyik ki, ABŞ yenidən Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Açıq demək lazımdır ki, ABŞ-la gərgin münasibətlər Azərbaycanın da maraqlarına cavab vermir. Çünki biz müstəqillik qazanandan bu yana Amerika ilə əməkdaşlıq edirik. Sadəcə ermənipərəst siyasət, Azərbaycana qarşı bəyanatlar əməkdaşlığa zərbə vurur ki, bu, ABŞ-ın özünün də maraqlarına uyğun deyil.

Gözlənildiyi kimi, Bakıda O’Braynla İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, Prezident Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi.  O’Brayn İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms O’Brayn danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O bundan başqa Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı. Beləliklə, O’Brayn Konqresdəki sözlərindən imtina etdi. Ancaq bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir. Brayn və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər.

Müəllif: Anar Bayramoğlu