"Bu, solçuların seçki kampaniyasının bir hissəsi olan, açıq-aşkar siyasi motivləri olan qərəzli bir böhtandır"
İsrail Baş naziri Benyamin Netanyahu BƏƏ hakimiyyətinin onu 7 oktyabr 2023-cü il tarixindən bir müddət əvvəl radikal Fələstin təşkilatı HƏMAS-ın qaçılmaz hücum təhlükəsi ilə bağlı şəxsən xəbərdar etməsi barədə məlumatları təkzib edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Baş nazir “Haaretz” nəşrinin xəbərini “böhtan” adlandırıb və müəllifləri “məhkəməyə vermək niyyətində olduğunu” deyib.
"Baş nazir vəkillərinə solçu qəzet “Haaretz”, Şlomi Eldar və Baş nazirə qarşı böhtan yayan digərlərinə qarşı böhtan iddiası qaldırmağı tapşırdı. Bu, yalan xəbərdir", deyə Netanyahunun “X”dakı səhifəsində qeyd edilib.
Qeyd olunub ki, iddiaların əksinə olaraq, 2023-cü ildə sentyabrın əvvəlindən 7 oktyabra qədər Baş nazirlə BƏƏ Prezidenti arasında bir dənə də olsun söhbət olmayıb.
Netanyahunun sözlərinə görə, Baş nazir Ofisi, Milli Təhlükəsizlik Şurası və Hərbi Katiblik Baş nazirin həmin günlər üçün zəng qeydlərini diqqətlə araşdırıb və belə bir söhbətdən bəhs etməyib: "Bir qayda olaraq, Baş nazirlə BƏƏ Prezidenti arasında diplomatik söhbətlər yalnız Baş nazirin Ofisində xüsusi şifrələnmiş cihazla Ofisə gələn Əmirlik nümayəndəsi vasitəsilə aparılır. Bütün bu söhbətlər sənədləşdirilir", - deyə vurğulanıb.
Baş nazirin sözlərinə görə, "bu, solçuların seçki kampaniyasının bir hissəsi olan, açıq-aşkar siyasi motivləri olan qərəzli bir böhtandır. Və bu cür yalan və böhtan xarakterli nəşrlər daha çox olacaq. Bu böhtan diqqəti ictimaiyyətin artıq başa düşdüyü şeylərdən yayındırmaq məqsədi daşıyır".