Nazir: “Əsas siyasətimiz işğaldan azad edilən ərazilərin bərpasıdır”

Xəbərlər

24.12.2020 - 12:58

Mikayıl Cabbarov: “Azad edilmiş torpaqların bərpası gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək”

 

2020-ci ildə pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. AYNA-nın xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə keçirilən gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

 

Nazir bildirib ki, neft hasilatının azalması neft-qaz sektoruna təsir edib: “Hökumət tərəfindən pandemiyanın insanlara təsirinin azaldılması üçün görülən tədbirlər, pandemiyadan zərərçəkmiş sahələrdə olan sahibkarlara verilən dəstək nəticəsində iqtisadi tənəzzülü yumşaltmağa nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxil olan vəsait ümumi daxiolmanın 75 faizini təşkil edir. İqtisadiyyatda dövlətin, dövlət şirkətlərinin iştirakının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə İnvestisiya Holdinqi yaradılıb. Holdinqin idarəedilməsinə ilkin olaraq 4 dövlət müəsisəsi verilib. 811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb. Yeni layihə olan Milli İxrac Strategiyası hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”.

 

“Qarabağa böyük qayıdış, işğaldan azad edilmiş torpaqların bərpa edilərək Azərbaycan iqtisadiyyatına transferinin gerçəkləşdirilməsi, gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək. Bizim hazırda əsas dövlət siyasətimiz bu ərazilərin bərpa edilməsi, vətəndaşların öz torpaqlarına qayıtmasıdır. Pandemiyadan sonra dünya iqtisadiyyatının canlandırılması fonunda ölkə iqtisadiyyatının da, qeyri-neft sektorunun da inkişafı planlaşdırılır”, - deyə M.Cabbarov qeyd edib.

Müəllif: Ayna.az