Rob Bauer: “Biz Trampa deyə bilərik: üzv ölkələr sizi dinlədi, mesajı aldı və indi öz müdafiəsinə sərmayə qoyurlar”
“NATO ölkələri Alyansın maliyyələşdirmə mexanizminə yenidən baxa və hər bir dövlətin ÜDM-də iki faiz payını konkret məbləğlərlə əvəz edə bilər”. AYNA xəbər verir ki, bu sözləri “Newsweek”ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.
Bauer seçkilərdə qalib gələn ABŞ Prezidenti Donald Trampın maliyyələşdirilməsi məqsədinə çatmayan NATO ölkələrinə qarşı tənqidini ədalətli adlandırıb: “Müəyyən mənada biz ona deyə bilərik: xoş gəlmisiniz, cənab Prezident, bir çox üzv ölkələr sizi dinlədi, mesajı aldı və indi öz müdafiəsinə sərmayə qoyurlar”.
Eyni zamanda, Bauer qeyd edib ki, NATO ölkələrinin vəziyyəti kökündən dəyişmək üçün hələ vəsaiti və vaxtı yoxdur.
Daha əvvəl Bauer bildirib ki, Rusiyanın nüvə potensialı NATO qoşunlarının Ukraynaya göndərilməsinə mane olur. Çünki hərbi Alyansın bir çox ölkəsi bunun mümkün nəticələrindən ehtiyat edir.