“Kəndli ailəsinin böyük oğlu” 95 yaşında dünyasını dəyişib
Namibiyanın ilk Prezidenti Sem Nujoma fevralın 8-i 95 yaşında vəfat edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Nujoma səhhəti pisləşdiyi üçün son üç həftəni xəstəxanada keçirib.
Sam Nujoma 1929-cu ildə Namibiyada (o vaxtlar hələ də Cənubi-Qərbi Afrika kimi tanınırdı və Cənubi Afrika İttifaqının nəzarəti altında idi) anadan olub. O özünü “kəndli ailəsinin böyük oğlu” adlandırırdı. Nujoma dəmir yolunda işləyib və siyasətlə maraqlanıb - xalqını müstəmləkə idarəçiliyindən azad etməyə can atıb.
O 1880-ci illərdə alman kolonistlərinə qarşı vuruşan Namibiya müqavimət liderlərinin həyatından ilhamlanıb. Ölkə 1884-1915-ci illərdə Almaniyanın nəzarəti altında olub.
1959-cu ilə qədər Nujoma Ovamboland Xalq Təşkilatının lideri olub. Bu hərəkat müstəqillik uğrunda mübarizədə əsas qüvvələrdən biri olan və hazırda Namibiyanın hakim partiyası olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının sələfi olub.
1960-cı ildə Nujoma ölkədən qovulub, Zambiya, Tanzaniya və Anqolada yaşayıb. Nujoma BMT-dən Namibiyanın müstəqilliyini tanımasını xahiş etmək üçün Nyu-Yorka gedib, lakin Cənubi Afrika buna qarşı çıxıb. 1966-cı ildə ölkədə müstəqillik uğrunda partizan müharibəsi başlayıb.
Nujoma Təşkilata müharibə zamanı sürgündən rəhbərlik edib. Cənubi Afrikada onu “marksist terrorçu” adlandırırdılar.
1989-cu ildə Cənubi Afrika artıq Namibiyanı tərk etməyə razılaşdıqda Nujoma ölkəyə qayıdıb. Namibiya 25 illik müharibədən sonra 1990-cı ildə müstəqillik qazanıb.
1990-cı ildə keçirilən ilk prezident seçkilərində Nujoma böyük fərqlə qalib gəlib. O 1994 və 1999-cu illərdə yenidən prezident seçilib. Nujoma ölkə konstitusiyasını dəyişdirərək üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürüb və buna görə tənqid olunub.
2005-ci ildə Nujoma Prezident vəzifəsindən, 2007-ci ildə isə 47 ildir ki, rəhbəri olduğu Cənubi Qərbi Afrika Xalq Təşkilatının rəhbərliyindən istefa verib.