Müəllim olmaq istəyənlər üçün müsahibəyə sənəd qəbulu başa çatır

Xəbərlər

26.01.2021 - 13:08

Müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək

 

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu sabah başa çatır. Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər.

 

Təlimatla tanış olduqdan sonra yanvarın 27-si saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Fevral ayından isə müsahibə mərhələsinə başlanılacaq.

Müəllif: Ayna.az