Milli Məclisdə SOS: “Yerli bazarda saxta qidalar, keyfiyyətsiz mallar var”

İqtisadiyyat

04.05.2023 - 17:57

Deputat: “Valideynlərim zəng edir ki, bir dərman var, onu içənin ağ saçları qaralır"

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 2 məsələ daxil edilib: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Komitənin iclasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Anar Hacızadə də iştirak ediblər.

Bildirilib ki, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənəcək. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur.

Hazırda publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci fəsildə isə yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata alınması əksini tapıb.

Layihəyə görə, yoxlayıcı orqan Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir.

Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Eyni zamanda yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Bundan əlavə, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri götürənlər tərəfindən ödəniləcək.

Qanun layihəsinə görə, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

Eyni zamanda, “Sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunacaq.

Komitə sədri: “Bu təklif hüquqi boşluğu aradan qaldıracaq”

Müzakirə zamanı komitənin sədri, deputat Tahir Mirkişili dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirib. Onun sözlərinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət orqanı ilə yanaşı, publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur: “Hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Sözügedən təklif həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır”.

“Sahibkarların 65 faizində kompüter varsa, 35 faizində yoxdur”

Komitə sədri qeyd edib ki, yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydası dəqiqləşdiriləcək: “Təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə bilərlər. Bu dəyişikliklərin qəbul edilməsi sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

“Sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri sahibkarların elektron bazalarının az olmasıdır. Bu da müəyyən problemlərə səbəb olur. Sahibkarların 65 faizində kompüter varsa, 35 faizində yoxdur. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur”,- deyə Mirkişili vurğulayıb.

Deputat: “Yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir”

Komitənin üzvü, deputat Rüfət Quliyev Azərbaycana keyfiyyətsiz mal gətirənlərə qarşı tədbirlər görülməli olduğunu deyib. Millət vəkilinin sözlərinə görə, keyfiyyətsiz malların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün sahibkarlar barəsində tədbirlər görülməlidir: “Bu gün yerli bazara saxta qidalar, keyfiyyətsiz mallar daxil edilir. Bu kimi təhlükəli halların qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi şəkildə işləməlidir. Valideynlərim zəng edir ki, bir dərman var, onu içənin ağ saçları qaralır". Yaşlı nəsil belə məhsullarla aldana bilir. Çünki yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir”.

“Komitəsi tikinti üçün icazəni verəndən sonra 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib”

Deputat tikinti məsələləri ilə bağlı da problemlərin olduğunu diqqətə çatdırıb: “Hesab edirəm ki, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin tikinti üçün icazələrin verilməsi və problemləri öz üzərinə götürməsi üçün səlahiyyəti olmalıdır. Əsasən Bakının rayonlarında və regionlarda müşahidə edilən hal var ki, Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verəndən sonra 3 daş qoyulur, bir də görürsən hərə bir qara qovluqla tökülüşüb gəlib. Onlar da bu tikintinin sənədinin göstərilməsini tələb edir. Sənəd göstərilir, amma deyirlər ki, yox, get filan yerdən də icazə al. Qanun deyir ki, 12 metr hündürlüyə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Amma yenə də gəlirlər və hər kəs bir-birinin boynuna atır. Düşünürəm ki, bu məsələ həllini tapmalıdır".

Müəllif: Anar Bayramoğlu