Milli Məclisdə insan alveri qurbanları müzakirə olundu: “Nazir bu məsələdə sərt mövqedədir”

Cəmiyyət

08.05.2023 - 18:20

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə illik məlumatı dinlənilib

Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə illik məlumatı dinlənilib. Toplantıda deputatlarla yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalov, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov və QHT rəhbərləri iştirak ediblər.

Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 2022-ci ildə Dövlət Miqrasiya Xidməti 4.674 nəfərə iş icazəsi verib. Bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. Məlumata görə, onlardan 2.875 nəfərin müvafiq icazələrinin müddətini uzadılıb, qanunsuz əmək fəaliyyətinə cəlb etmiş 200 işəgötürəni inzibati qaydada cərimələyib.

Deputatdan təklif: “İnsan alveri qurbanları insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edilsin”

Hesabat ilində müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub. (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilmişdir). Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 1-i İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.

Koordinatorun hesabatının müzakirəsi zamanı müxtəlif təkliflər və iradlar səsləndirilib.  Deputat Elşad Mirbəşir təklif edib ki,  insan alveri qurbanları insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edilsin.

Millət vəkili qeyd edib ki, bu məsələdə dünya təcrübəsindən yararlanmaq mümkündür: “Xaricdə keçmişdə insan alveri qurbanları bununla mübarizəyə cəlb edilirlər. Belə olan zaman insan alveri qurbanları daha tez həmin şəxsləri müəyyənləşdirə bilər. Gələcəkdə də bununla bağlı işçi qrupu yaradılarsa, həmin şəxsləri bura cəlb etmək lazımdı. Bu zaman mübarizə tədbirləri də effektiv ola bilər”.

Komitə sədri: "Bir çox işlər məxfi saxlanılır"

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, daxili işlər naziri Vilayət Eyvazovun insan alveri ilə bağlı prinsipial mövqeyi var: “Qeyd edim ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən 4-5 saatlıq iclaslarda əfvlə bağlı müzakirələr gedərkən komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxılıb. Xüsusi olaraq 95 faiz məhkumun işi ilə bağlı daxili işlər naziri kimi Vilayət Eyvazova da müraciət olunub. Mütləq əksəriyyətinə müxtəlif parametrlərdən humanizm göstərilir. Bir çox işlər də məxfi saxlanılır və bu da başa düşüləndir. Çünki cinayət işinin müxtəlif tərəfləri və subyektləri var”.

“Məhz insan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial və sərt mövqeyini görürük. Bildirir ki, həmin şəxsləri əfv etmək mümkün deyil, çünki sonradan müxtəlif ictimai təhlükəlilik doğuracaq. Hesab edirəm ki, bu, doğru yanaşmadır”,- deyə deputat əlavə edib.

General: “Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır”

General H.Aslanov insan alveri ilə mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarına ayrılan vəsaitin azlığından şikayətlərə cavab verib. DİN-in idarə rəisi son 3 ildə QHT-lərə insan alverinə qarşı mübarizə sahəsində ayrılan vəsaitin artırılmasına ehtiyac olduğu barədə fikirlərlə razı olduğunu söyləməklə yanaşı, irad səsləndirib: “Hər il həyata keçirilən layihələr demək olar ki, təkrarlanır. Hesab edirəm ki, təqdim olunan layihə tutarlı olmalıdır. Çünki təqdim edilən layihələrin maliyyə tutumu 6-7 min manat olur”.

“Bizim ingiliscə qanunlarımız 20-25 il qabaq tərcümə edilib”

Müzakirə zamanı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesabatla bağlı irad səsləndirib: “Hesabata baxdıqda görürük ki, məcburi əmək cinayəti ilə bağlı Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti yalnız Bakı şəhərini və tikinti sahəsini əhatə edib. 2015-ci ildən Dövlət Əmək Müfəttişliyinin yoxlamalarına məhdudiyyət qoyulub. Baxmayaraq ki, bu məhdudiyyətlə bağlı 2021-ci ildə BMT-nin İqtisadi sosial və mədəni hüquqlar üzrə komitəsi Azərbaycana irad bildirib. Bu, bir çox Konvensiyaya ziddir”.

“Bundan əlavə, dövlət qurumlarının veb-səhifələrində ingiliscə olan qanunlar 1990-cı illərin sonu 2000-lərin əvvəli tərcümə edilib. İllər əvvəl İtaliyadan olan məşhur vəkillə birgə Beynəlxalq Miqrasiya Təşkilatının sifarişi ilə hesabat hazırlayırdıq. Hesabatı redaktə edəndə bəlli oldu ki, vəkil bizim köhnə qanunlara istinad edib. Sonradan məlum oldu ki, bizim ingiliscə qanunlarımız 20-25 il qabaq tərcümə edilib. Hazırda o qanunlar sistemdə qalmaqdadır və axtarış zamanı çıxır. Rəsmi dövlət orqanlarının veb səhifələrindən bu köhnə tərcümələr çıxarılmalıdır”, - deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, hesabat Milli Məclisin plenar iclasında da dinləniləcək.

Müəllif: Anar Bayramoğlu