Növbəti həftədən vətəndaşlar üçün Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyət göstərəcək
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunda yeniliklərin əlavə olunmasında məqsəd məhkəmə sistemində obyektivliyin artırlmasına xidmət edir”.
AYNA xəbər verir ki, bunu bu gün Ədliyə Nazirliyində media üçün keçirilən tədbirdə Nazirliyin Məhkəmə ekspertiza Mərkəzinin rəhbəri Fuad Cavadov deyib.
F.Cavadov bildirib ki, məhkəmə işlərində dövlət ekspertizalarından əlavə alternativ ekspertizaların olması müsbət dəyişiklik kimi qiymətləndirilməlidir: “Vətəndaş, istənilən şəxs məhkəmə prosesində özəl ekspertlərin rəyinə də üstünlük verəcək. Hələlik qanunvericilikdə yeniliklərin tətbiqi barədə danışmaq tezdir. Çünki ekspertlərin müəyyən olunması, özəl ekspertiza mərkəzlərinin məsuliyyətləri, bu sahədə mexanizmlərin işlənməsi, beynəlxalq təcrübədən yararlanmaq kimi məqamlar var. Özəl ekspertiza mərkəzinin fəaliyyəti artıq sahibkarlıq fəaliyyəti yaradır, həm də burada rəy verəcək şəxslər 10 il müddətində ekspertiza sahəsində ixtisaslaşmış şəxslər olacaqlar”.
Mərkəz rəhbərinin sözlərinə görə, yeni özəl mərkəzlərin yaradılması asan iş deyil: “Çünki belə mərkəzin qurulması üçün kifayət qədər sərmayə və kadr tələb olunur. Misal üçün, tək bir avadanlığın qiyməti, təqribən 150 min avro dəyərindədir. Hər halda belə mərkəzin qurulması qanunvericiliyin tələbləri çərçivəsində olacaq. Beynəlxalq təcrübədə bu məsələnin mexanizmi məsələsi hələ də tam həllini tapmayıb”.
“Məhkəmə baxdığı iş zamanı özəl yoxsa dövlət ekspertizasına üstünlük veriləcək” sualına aydınlıq gətirən Fuad Cavadov bu məqamın həmin vəziyyətə uyğun qiymətləndiriləcəyini bildirdi. O həmçinin əlavə etdi ki, tezliklə məhkəmə ekspertlərinin də reystri aparılacaq, lisenziya verilən belə şəxslər haqqında Mərkəzin rəsmi səhifəsində məlumatlar yerləşdiriləcək ki, onlar istənilən şəxs üçün əlçatan olsun. Əlavə edim ki, ekspertlər 5 ildən bir atestasiyadan keçiriləcək”, - o bildirib.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib ki, növbəti həftədən vətəndaşlar üçün Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyət göstərəcək. Bu Mərkəzdə dövlət vəsaiti hesabına müraciət edən hər kəsə hüquqi dəstək veriləcək.