Bakıda beynəlxalq konfrans keçirilib
Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, konfransda keçmiş və hazırda mövcud olan müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi şərhçilər iştirak ediblər.
Konfrans çərçivəsində “Dekolonizasiya ilə bağlı beynəlxalq məlumatlılığın artırılmasında medianın rolu” və “Yerli xalqların, eləcə də öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparan ərazilərin səsinin beynəlxalq mediada işıqlandırılmasında medianın rolu” mövzularında iki panel sessiyası təşkil olunub.
Konfransı giriş nitqi ilə açan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, son üç il ərzində təşkilat müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti ilə bağlı qlobal məlumatlılığın artırılması istiqamətində mühüm irəliləyişə nail olub.
“Fransa Müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun çıxışında qeyd edib ki, XIX əsrdə Fransa mətbuatı müstəmləkəçiliyi “sivilizasiya missiyası” kimi təqdim etməklə zorakılığı və istismarı gizlədib.
“Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu isə bildirib ki, influenserlər jurnalistlərin rəqibi deyil, dekolonizasiya ilə bağlı yeni narrativlərin formalaşdırılmasında onların mühüm tərəfdaşı ola bilərlər.
Seneqaldan olan jurnalist və kommunikasiya üzrə mütəxəssis Abdurahman Vone konfransın təşkilatçılarına minnətdarlığını bildirərək, müxtəlif ölkələrin nümayəndələrinin tarixi yaddaş, insan hüquqları və xalqların ədalətli təmsilçiliyi məsələlərini müzakirə edə biləcəyi platformaların yaradılmasının əhəmiyyətini vurğulayıb.
Sonda Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.