Ölkə Parlamenti Konstitusiyaya dəyişikliyi qəbul edib
Macarıstan Parlamenti Konstitusiyaya bir şəxsin iki dəfədən artıq Baş nazir vəzifəsində çalışmasını qadağan edən düzəlişi qəbul edib. Bununla da yeni hakim “Tisza” Partiyasının lideri Peter Madyar Viktor Orbanın artıq Baş nazir vəzifəsində çalışa bilməyəcəyinə dair vədini yerinə yetirmiş olub.
AYNA.AZ xəbər verir ki, Orban aprel ayında keçirilən parlament seçkilərində Madyarın partiyası onu vəzifədən kənarlaşdıranadək Macarıstanı 16 il idarə edib. “Tisza” üçdə iki səs çoxluğu qazanaraq Konstitusiyanı dəyişdirməyə imkan qazanıb.
Qəbul edilmiş düzəlişə görə, heç bir macar siyasətçisi parlamentdə iki dəfədən artıq Baş nazir vəzifəsində çalışa bilməyəcək - hətta bu müddətlər ardıcıl olmasa belə.
“Tisza”nın konstitusiya çoxluğu sayəsində düzəliş 135 səs lehinə 50 səs əleyhinə olmaqla qəbul edilib və indi qüvvəyə minməsi üçün yalnız Prezident Tamaş Suljokun imzası tələb olunur.
Bu düzəlişin qəbul edilməsi o deməkdir ki, Madyar yalnız 2034-cü ilə qədər Baş nazir vəzifəsini tuta biləcək - hətta o və partiyası həm ikinci, həm də üçüncü müntəzəm seçkilərdə qalib gəlsə belə.
Qeyd edək ki, Madyar Baş nazir vəzifəsinə may ayında başlayıb.
Artıq müxalif olan Orbanın “Fidesz” Partiyasından deputatlar düzəlişə qarşı səs veriblər. Orbanın özü Facebook-da yazıb: ““Orban qanunu” qəbul edilib. Bu, ən vacib məsələ idi".
Viktor Orbanın müttəfiqi və siyasi məsləhətçisi Balaj Orban (qohumluğu yoxdur) bildirib ki, Madyar "siyasi rəqibi demokratik mübarizədən kənarlaşdırır".
Baş nazir üçün iki müddətlik məhdudiyyət tətbiq etməklə yanaşı, parlament Macarıstanın "Konstitusiya kimliyini qorumaq” üçün xüsusi müstəqil qurumun yaradılması müddəasını Konstitusiyadan çıxarıb.
Xatırladaq ki, 2023-cü ildə Orban hökuməti Konstitusiyanın Mühafizəsi Ofisini yaradıb və ona Macarıstan siyasətində "qanunsuz xarici müdaxiləni" izləmək vəzifəsi həvalə edib.