Laçın şəhərindən yan keçən yolla bağlı qeyri-müəyyənlik - Dəhliz, yoxsa?

Aktual

11.08.2022 - 18:05

İlham İsmayıl: "Yolun Ermənistanla sərhədindəki başlanğıcında Azərbaycanın postu qurulmalı, gömrük orqanları fəaliyyətə başlamalıdır"

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Laçın şəhərinə daxil olmadan inşa olunan yeni avtomobil yolunun tikintisi artıq yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda qeyd edilib ki, avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.  Bildirilib ki, inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Məlumdur ki, yeni yol artıq keçmiş olan Laçın dəhlizinə alternativ kimi nəzərdə tutulub ki, Azərbaycanın Qarabağdakı erməni vətəndaşları bu yoldan istifadə edəcəklər. O da məlumdur ki, avqustun 25-dək ermənilərin gediş-gəlişi sözügedən yola köçürüləcək, həmin tarixədək Laçın şəhəri, dəhliz üzərindəki Zabux və Sus kəndləri boşaldılacaq. 

Bu, erməni separatçılarının və Laçında qeyri-qanuni yerləşdirilmiş ermənilərin narazılığı ilə müşahidə edilir. Onlar əvvəlcə şəhəri və kəndləri tərk etmək istəmədiklərini, bunun üçün döyüşəcəklərini bildirirdilər. İndi isə məlumatlara görə köç başlayıb. 

Yeni yolun istifadəyə verilməsi, Laçın dəhlizinin ləğvi, bunun Zəngəzur dəhlizi anlayışı ilə müqayisəsi kimi bir sıra suallar açıq qalır. 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-ya deyib ki, ermənilərin Xankəndiyə gediş-gəlişinin yeni yolla olacağı xəbəri yeni deyil: 

- 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda göstərilib ki, üç il müddətində Laçın dəhlizinə alternativ yol çəkiləcək və gediş-gəliş oradan təmin olunacaq. Sadəcə ermənilər özlərini elə aparırlar ki, guya ki, bundan xəbərləri yoxdur. Hətta narazılıqları da gülməlidir, deyirlər, Azərbaycan niyə yolun inşasını tez yekunlaşdırıb. Bəyanatda üç ilin tamamından sonra yox, üç il müddətində qeyd edilib. Azərbaycan da tez zamanda yolu hazırlayıb. Hesab edirəm ki, avqustun 24-də artıq Laçının mərkəzi, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində olacaq. Ermənilərin buna etiraz etmələrinin heç bir mənası yoxdur. Bunlar aydındır. Söhbət yeni yolun statusundan gedir ki, bu, sual doğurur. 

- Yeni yol hansı statusda olmalıdır? 

- Prezident İlham Əliyev Nikol Paşinyanla birinci Brüssel görüşündən öncə dedi ki, Zəngəzurda hansı status olacaqsa, Laçında da o status olacaq. Zəngəzur dəhlizindən, onun perspektivindən çox danışılıb. Ən əsası da Zəngəzur dəhlizi məsələsində Rusiya maraqlıdır. Ukraynaya qarşı müharibədən sonra Rusiya inkişafını, quru əlaqələrini daha çox Cənub və Şərqlə qurmağı planlayır. Cənubda İran, Türkiyə və Çinlə əlaqə üçün dəmir yolu və quru yolu axtarır. Bunu təmin edə bilən yeganə yol Zəngəzur dəhlizidir. Amma faktiki olaraq Zəngəzur dəhlizi yoxdur. Azərbaycan tərəfi Ermənistan sərhədinədək dəhlizlə bağlı işləri görür. Amma Ermənistan tərəfi heç bir iş görmür. Ümumiyyətlə isə Ermənistan rəsmiləri deyirlər ki, Azərbaycana Naxçıvanla əlaqə üçün yol veriləcək, amma bu dəhliz olmayacaq. O zaman biz niyə Laçın şəhərindən yan keçən yeni yola status verməliyik? Hesab edirəm ki, yeni yol elə yol funksiyasını daşımalıdır. Eyni zamanda, yolun Ermənistanla sərhədindəki başlanğıcında Azərbaycanın postu qurulmalı, gömrük orqanları fəaliyyətə başlamalıdır. Rusiya hərbi kontingenti ilə yanaşı, Azərbaycan hərbçiləri də yoxlanış həyata keçirməlidirlər. Əks təqdirdə separatçı ünsürlər, Xankəndiyə təxribatçı məqsədlə gəlib-gedənlərin qarşısını ala bilməyəcəyik. 

- Yəni ki, sərhəddə beynəlxalq qayda-qanunların tətbiqinə başlanılmalıdır...

- Bəli! Ermənistan vətəndaşı Azərbaycana gəlirsə, viza tətbiq edilməlidir. Qarabağ erməniləri isə bu zaman bizim vətəndaşımız statusu ilə gedib-gəlməli olacaqlar. Bu gün ermənilər yeni yola keçməmək üçün təxribatlar törədirlər, prosesi gecikdirmək istəyirlər. Bizim rəsmilər yeni yolun statusu ilə bağlı konkret açıqlamalar verməlidirlər. Necə olacaq, ermənilər hansı şəkildə gedib-gələcəklər, yolun statusu nə olacaq, yola nəzarəti kim edəcək və s. bu suallara dürüst cavab verilməlidir. Məsələ aydınlaşmalıdır ki, dezinformasiyalar meydan sulamasın. Eyni zamanda, ermənilər də, maraqlı qüvvə və dövlətlər də Bakının mövqeyinin qətiliyini görsünlər. 

Müəllif: Anar Bayramoğlu