Koronavirus yalan olacaq – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

20.04.2020 - 10:39

Ümid Allahın bəxş etdiyi möcüzəyə qalır

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Prosesin icrası zamanı bir sıra minuslar istisna olmaqla, Azərbaycanın dünyanı sarmış koronavirus bəlası ilə apardığı mübarizəni qənaətbəxş hesab etmək olar. Bunu həm rəqəmlər, həm də əlaqədar qurumların rəhbərlərinin əminlik ifadə edilən çıxışlarından görmək olar. Düzdür, ölkədə karantin rejimi mayın 4-nə qədər uzandı, amma artıq çoxlarında bir inam var ki, bundan sonra virus ram olacaq və təmiz itməsə belə, stabilləşəcək. Bir çox alimlərin də dediyi kimi, biz onunla, o da bizimlə birgə yaşamağa öyrənəcək. Elə dünyada mövcud olan digər viruslar kimi. Ola bilər ki, may ayından başlayaraq həm ölkəmizdə, həm də dünyada həyat yavaş-yavaş öz axarına düşəcək və çox mümkündür ki, yay ərzində biz bu virus barədə ancaq xəbərlər proqramında eşidək və məcburən geriləmiş iqtisadiyyatımızın dirçəldilməsi üçün çalışmaqla məşğul olaq.

В России обнаружили коронавирус. Главное - Ведомости

Elə də pis ssenari deyil, amma mənə elə gəlir ki, bu optimizmi bölüşənlər yanılmasalar belə, xeyli tələsirlər. Bu virusdan can qurtarmaq o qədər asan olmayacaq. Can qurtarana qədər bir xeyli də can itirəcəyik. Axı niyə belə pessimistəm?! İzah edim.

 

Bu rubrikada dəfələrlə oxucuları dünyaca məşhur bilim adamlarının fikirləri ilə tanış etmiş və onların proqnozlarının nə qədər real olacağı barədə mülahizələr irəli sürmüşəm. Və virusla birgə yaşamağın mümkünlüyü barədə inamım da, əslində həmin elm adamlarının fikirlərinə istinaddan irəli gəlir. İndi bütün dünyada alimlər COVID-19-un dərmanı tapılmamış, onun payızda ikinci dalğasının gələcəyini proqnozlaşdırırlar. Məsələn, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Nedospasov “Parlament” qəzetinə verdiyi müsahibəsində deyir ki, yaxın müddətdə virusun peyvəndi düzəldilib satışa çıxarılmasa, tezliklə insanlar COVID-19-un ikinci dalğası ilə üz-üzə qalacaqar. Akademik hesab edir ki, bu dalğa birincidən zəif olacaq, amma həm koronavirusun xüsusiyyətlərinə, həm də ayrı-ayrı ölkələrin əhalisinin həyat tərzinə və səhiyyə sisteminə görə epidemiyanın ikinci dalğasının dəqiq nə vaxt baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

 

“Amma ümid təkcə vaksinə deyil, həm də insanın öz orqanizminədir. əgər Yer kürəsi sakinlərinin əksəriyyətində virusa qarşı təbii olaraq toxunulmazlıq yaranarsa, koronavirus məğlub olacaq. Bu "kollektiv effekt" vasitəsilə, hətta virusa qarşı immuniteti zəif olan insanlar da qoruna biləcək və insanların virusla qarşılaşma ehtimalı çox azalacaq", - deyə mütəxəssis izah edir.

 

Alim xatırladır ki, adətən insan orqanizmi klassik virus infeksiyasına qarşı antitelləri 2-3 həftəyə yaradır. Düzdür, hər bir insan üçün bu müddət fərd olaraq dəyişə bilər. Amma süni peyvənd icad edilib insanlara vurularsa, onda orqanizmdə virusa qarşı antitellər onilliklər boyu, hətta bütün ömür boyu yarana bilər.

 

Gördüyünüz kimi, virusun ikinci dalğasının gələcəyi artıq elm adamlarında da şübhə doğurmur və onlar da ikinci dalğanın qarşısının alınmasını və onun tam olaraq zəiflədilməsini süni peyvəndin tez tapılmasına bağlayırlar. Yəqin ki, bu peyvənd də tapılacaq.

 

Amma mənim pessimizmimin kökündəki narahatlıq tək bu deyil. Artıq indidən virusun tüğyan etdiyi müxtəlif ölkələr bir-birini keyfiyyətsiz maska, spirt, test və sair ietehsalında ittiham etməyə başlayıb. Və hətta vaksin üzərində də Rusiyada, ABŞ-da, İngiltərədə, İsraildə, Çində və sair ölkələrdə iş getdiyi vurğulanır. İndi bu vaksin tapılan kimi, o deyəcək, “mənim vaksininm güclüdür”, bu deyəcək, “o birininki keyfiyyətsizdir”. Biri aşağı qiymətlə verəcək, o biri deyəcək ki, zəif olduğu üçün belə verilir. Və sonra da vaksin dünyadakı bir çox dərmanlar kimi birinci, ikinci və üçüncü dünya ölkələri üçün ayrı-ayrı buraxılacaq.

 

Bir sözlə, koronavirus yalan olacaq! Virus yaddan çıxacaq və başlanacaq kökündə siyasət olan bazarlıq. Və indi virus altında inildəyən yekə dövlətlərin vecinə də olmayacaq ki, onların alverindən balaca, kasıb, birinci sorta aid edilməyən dövlətlərin əhalisi əziyyət çəkəcək. Odur ki, ümid qalır Allahın bizə bəxş etdiyi möcüzəyə - orqanizmimizə. Yəni ümidimiz sözün əsl mənasında Allaha qalıb.

 

P.S. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır. Bildirilir ki, vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib. Məlumata görə, koronavirusa qarşı vaksinin hazırlanması 2021-ci ilədək çəkə bilər.

Müəllif: Yoldaş Mircəfər