Kibdo şəhərində ölən və xəsarət alanlar var
Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri ölkənin qərbindəki San José del Palmar şəhərindən 5 kilometr aralıda olub.
Çoko Nubia departamentinin qubernatoru Karolina Kordoba-Kuri bildirib ki, Kibdo şəhərində ölən və xəsarət alanlar var.
Yerli “Blu Radio” radiostansiyasının məlumatına görə, zəlzələ Kolumbiyanın mərkəzi və cənub-qərbindəki bir neçə bölgədə, o cümlədən Boqotada hiss olunub. Kaldas departamentinin Manizales şəhərində kafedral və bir neçə bina dağılıb.
“El Tiempo” xəbər verir ki, Boqota, Eje Kafetero, Tolima, Huila, Valle del Cauca, Manizales, Medellin və Kolumbiyanın digər ərazilərində təxliyə işləri aparılıb.
AFP-nin məlumatına görə, zəlzələ digər ölkələrlə yanaşı, Panama və Ekvadorda da hiss olunub.
Kolumbiya hakimiyyəti ziyanı qiymətləndirməyə başlayıb. Tələfatın dəqiq sayı və dəymiş ziyanın miqyası müəyyən edilməyib. Qubernator Çoko xəbərdarlıq edib ki, zəlzələdən sonrakı təkanlar mümkündür.
ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzinin məlumatına görə, sunami təhlükəsi yoxdur.