“Biz buna nail olmaq üçün lazım olan hər şeyi edirik və etməyə davam edəcəyik"
“Rəsmi Tiflis hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin, o cümlədən regional əlaqələrin gücləndirilməsi vacibdir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
"Üç ölkəmiz - Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsi prinsipial olaraq vacibdir. Biz buna nail olmaq üçün lazım olan hər şeyi edirik və etməyə davam edəcəyik", - deyə Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin regionda nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
O, həmçinin xatırladıb ki, elektrik enerjisi tranziti və sualtı kabel layihələri üzrə ekspertlər tərəfindən hazırlanmış sənədi qəbul edərkən Avropa İttifaqı Qara dəniz sualtı kabel layihəsini ortaq maraq doğuran layihələr siyahısına daxil edib.
Gürcüstan hökumətinin başçısı həmçinin Azərbaycan və Türkiyə ilə regional inteqrasiya səviyyəsini yüksək qiymətləndirib: "Bizim həm Azərbaycanla, həm də Türkiyə ilə çox yaxşı impulsumuz var və təbii ki, bu istiqamətdə işlər fəal şəkildə davam edəcək".